İranda məktəbli qızların kütləvi şəkildə zəhərlənməsi böyük əks – səda yaradıb.
Medianews.az xəbər verir ki, İran səhiyyə nazirinin müavini Yunus Pənahi mətbuat konfransında deyib:
“Görünür, bəzi insanlar bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyirlər. 650 qız zəhərlənib. Lakin zəhərlər öldürücü deyil və panika yaratmamalıdı”.
Qeyd edək ki, ölkənin daha səkkiz şəhərində məktəbli qızlar zəhərlənib. İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.
Sosial şəbəkələrdə paylaşılan videolardan birində ata “Övladlarımın təhlükəsizliyinə cavabdehsiniz! Mənim iki qızım var. Mənim edə biləcəyim tək şey onları məktəbə göndərməməkdir”.
Eyni aksiyada iştirak edən bir qadın “Bu, müharibədir! Qumdakı qızlar liseyinə bunu etməklə bizi evdə qalmağa məcbur etmək istəyirlər. Qızların evdən çıxmamasını istəyirlər!” deyir.
Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir. Başqa bir videoda xəstəxana çarpayısında qızı müşayiət edən qadın “Əziz analar. Mən anayam və uşağım xəstəxana çarpayısındadır. Xahiş edirəm, uşaqlarınızı məktəbə göndərməyin”.
Medianews.az