Trabzon Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin axtarış-xilasetmə iti Rita təbii fəlakət bölgəsində dağıntılar altından 3 nəfəri və 1 pişiyi xilas edib.
Medianews.az bildirir ki, belçikalı Malinois cinsi Rita, Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Adıyamana gedən xilasetmə qrupları ilə birlikdə axtarış-xilasetmə işlərinə qatılıb.
Zəlzələnin ilk günündən bölgədə aparılan işlərdə aktiv rol oynayan Rita dağıntılar altından 3 nəfərin və bir pişiyin xilas edilməsinə kömək edib.
Ritanın təlimçisi, yanğınsöndürən İsmail Ersoy Anadolu Agentliyinə (AA) 2 yaşlı iti mükafatlandırma üsulu ilə öyrətdiklərini, Ritanın yüksək qoxu duyğusunun ancaq dağıntılar altında yaşayan canlı insana reaksiya verdiyini bildirib.
İtin dağıntılardakı axtarışı oyun kimi gördüyünü dilə gətirən Ersoy, “Top kimi istifadə etdiyimiz bəzi oyuncaqlarımız var. Hadisələrin olacağını gözləmirik, davamlı olaraq məşqlərimizlə işləyirik. İşimizi görürük, istər tikililərin sökülən dağıntıları, istərsə də süni dağıntılar içində olsun” deyib.
Zəlzələ bölgəsinə getdikləri zaman böyük bir fəlakətlə qarşılaşdıqlarını qeyd edən Ərsoy, “Daha əvvəl belə bir fəlakətlə qarşılaşmamışdıq. Dağıntılar altına girdiyimiz anda 2 nəfəri xilas etdik. Sonra hadisənin necə baş verdiyindən xəbərimiz belə olmadı” deyib.
İsmail Ersoy əlavə edib ki, Rita canlı bir insana verdiyi reaksiyadan fərqli olaraq dağıntılar arasında ilişib qalmış pişiyi görüb onu xilas ediblər.
Trabzonda yaşayan Habil Kasap sosial media vasitəsilə axtarış-xilasetmə işlərinə qatıldığını öyrəndiyi Ritaya yaş və quru yemək gətirib.
Heyvanların insanların sadiq dostları olduğunu vurğulayan Kasap, “Öncə millətimizə başsağlığı verirəm. İtimiz Ritanı Almaniyadakı bacım sayəsində bildik. Ritanın günlərlə orada axtarış-xilasetmə işləri apardığını öyrəndik. Ritanı yemək almaqla mükafatlandırmaq istədik. Heç olmasa biz də heyvanlar üçün nəsə etmək istəyirdik. Heyvanlar bizim dostumuzdur, bu fəlakətdə çox köməklik göstərdilər” deyə bildirib.