Ər-Riyadda “Səudiyyə Media Forum 2” işə başlayıb. Forum 20-21 fevral tarixlərini əhatə edəcək. Foruma ərəb və digər ölkələrin KİV nümayəndələri, ekspertlər, analitiklər daxil olmaqla ümumilikdə 30-dan çox ölkədən 1500 nəfərə yaxın nümayəndə qatılıb.
Tədbirdə Azərbaycan Mətbuat Şurası və ölkəmizin müxtəlif media orqanlarının nümayəndələri də təmsil olunur. Kaspi.az xəbər verir ki, forumda medianın bütün formalarına – çap, auduo və rəqəmsal sahələrə həsr olunan 50-dən çox sessiya və seminar keçiriləcək. Panel müzakirələri media sahəsində baş verən yeniliklərlə yanaşı, jurnalistika prinsiplərinin pozulması, fake xəbərlərin mediada yer alması, vətəndaş mediasının ənənəvi mediaya təsiri və yaratdığı problemlər, rəqəmsal media, sosial platformaların ictimai rəydə rolu, robot jurnalistikasının inkişafı və s. məsələləri əhatə edir. Tədbir iştirakçıları həmçinin beynəlxalq təcrübəni bölüşməklə texnologiyaların inkişafı və sosial medianın genişlənməsi fonunda milli və beynəlxalq təcrübə və çağırışlar haqqında çıxışları dinləyəcək və müzakirələrdə iştirak edəcəklər.
Səudiyyə Yayım İdarəsinin baş direktoru Mohammad Əl-Harti bildirib ki, hazırda dünya mediası bir çox çətinliklərlə üzləşib və ərəb mediası da onun bir hissəsidir: “Jurnalistlər texnologiyaların inkişaf sürətinə və yeniliklərə uyğunlaşmalıdırlar”.
Forumda müxtəlif ölkələrin media təcrübəsini əhatə edən “Media: müxtəliflik və imkanlar”, “Tədqiqat mərkəzləri və baxışların ölçülməsi, ” Media – süni intellektdən istifadənin etik və praktik alətləri”, “Səudiyyə Ərəbistanının təcrübəsində enerji sektorunda transformasiya”, “Qadın liderliyinin gücləndirilməsi”, “Kontent yaradıcılığı və Səudiyyə təcrübəsinin bölüşdürülməsi”, “Xəbər agentlikləri – keçmiş və gələcək arasında”, “Rəqəmsal influenser: media nümayəndələri, yaxud reklamçılar”, “Mediada reklam məsələləri”, “Yeni rəqəmsal dünyada media”, “Media institutları, böhran diaqnozunun qiymətləndirilməsi və çağırışlarla üzləşmək” və s. mövzularda çıxışlarla davam edir. Həmçinin KİV-in dünyada iqtisadi, siyasi və sosial sferaya təsirindən bəhs edilir.
Fevralın 21-də forum işini “Robot jurnalistikası”, “Tik-Tok-un faydaları: fantaziya ilə reallıq arasında”, “Rəqəmsal diplomatiya və cəmiyyətin ünsiyyət mədəniyyəti”, “Sosial media- yaradıcılıq və marketinq” və s. mövzularda çıxışlar və panel müzakirələri ilə davam etdirəcək.
Xatırladaq ki, Səudiyyə Media1 Forumu 2019-cu ildən Səudiyyə Ərəbistanı Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.