Xəbər verdiyimiz kimi, Azərbaycanın bölgələrində mal və quzu ətinin qiyməti bahalaşıb.
İsmayıllı, Şamaxı, Ağsu və Göyçayda da ətin qiymətində 2 manat artım müşahidə edilir. Bazarda quzu ətinin qiyməti 14 manatdan 15 manata, mal ətinin qiyməti isə 11 manatdan 13 manata qalxıb.
Belə olan halda, qiymət artımı tələbatın da azalmasına səbəb olub.
Məsələ ilə bağlı Medianews.az – a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda ətin bahalaşmasının bir çox səbəbləri var:
“ Həm yerli, həm də beynəlxalq aləm də baş verən proseslər bir çox sahələrə təsir edib, əzaq bazarı da bundan yan keçməyib. Azərbaycanda texniki bitkilərin əkini sürətləndikcə, yem bazasının azalmasının şahidi oluruq. Xüsusiylə pambıqçılığın inkişafı örüş yerlərinin azalmasına gətirib çıxardır. Örüş yerlərinin pambıq sahələri ilə əvəz olunması, torpaq sahələrində yem bazasının azalması, maldarlıqda problemlər yaradır. Bu da yemin qiymətlərinin artmasına səbəb oldu. Bu tendensiya bir neçə ildir ki, davam edir. Nəticə etibarı ilə yerli məhsul istehsalı, ehtiyacları tam ödəyə bilmədiyi üçün dövlət xaricdən mal-qara almalı olur. Dövlət bir neçə il bundan qabağa qədər Gürcüstandan iri və xırdabuynuzlu mal- qara alırdı. Hər il 50- 60 milyon manat tək bu ehiyaclara xərclənirdi”.
İqtisadçı ekspert onu da vurğuladı ki, ətin və digər məhsulların bahalaşmasının əsas səbəbi dünyada baş verən inflyasiyadır:
“Bu böhran Azərbaycana da öz təsirini göstərir ki, bütün sahələrdə qiymət artımı müşahidə olunur. Ət istehsalçıları da məcburdur ki, öz məhsulunun qiymətini artırsın. Çünki onlar da ət satıb, başqa məhsullar alırlar. Digər məhsulların da qiymətinin artması, istehsalçıların xərclərini artırır.
Qiymətlərin stabilləşməsi o zaman mümkün olar ki, yerli məhsullar artırılsın.
Təəssüf ki, yerli istehsalda irəliləyiş olmadığından qiymət artımı da davam etməkdədir”.
Mehin Mehmanqızı
Medianews.az