Bugünkü müsahibimiz gənc rəssam, vitraj ustası Gülçin Aslanlıdır. Öz işinin peşəkarı olan bu xanım öz markasını yaratmağa nail olub. Bir çox nailiyyətləri, incə və zərif toxunuşla yaratdığı gözəlliklərlə aləmə səs salan Gülçin xanımın özünəməxsus tərzi və yaradıcılığı ilə tanınır.
Neçə müddətdir bu işi görməyə başlamısınız? Ancaq vitraj üzrə əl işləriniz var, yoxsa başqa sahədə də özünüzü sınayırsınız?
“7 ildir ki, vitraj sənəti ilə məşğul oluram. Bu sahədə tanınmışam, ancaq son vaxtlar paralel olaraq keramikaya da başlamışam. Keramika yaradıcı insan üçün daha geniş imkanlar yaradır. Belə ki, keramika gildən hazırlanır və gili də hansı formaya istəsəniz sala bilirsiniz. Mən bunlardan müxtəlif növ əşyalar düzəltməyi düşünürəm. Artıq bir müddətdir məşğul oluram və düşünürəm vitrajda əldə etdiyim nailiyyətləri keramikada da edə biləcəm. Hətta düşünürəm ki, keramika sahəsində daha çox irəliləyib, uğur əldə edə bilərəm”.
Hazırda əl işinə tələbat nə qədərdir və hansı növ əl işləriniz var?
“Əl işini bəyənənlər çoxdur. Əgər biznes tərəfini nəzərdə tutursunuzsa, bu hər zaman çətin və mürəkkəb bir sahə olub. Ancaq bu işə dəyər verənlər heç də az deyil. Hətta əl işindən zövq alan, yaxınlarına, iş çevrəsindən insanlara hədiyyə axtararkən son zamanlar seçimi bu yöndən edənlər çoxluq təşkil edir. Onu da qeyd edim ki, əgər müştərilər aldığı məhsuldan razı qalarsa, yenidən müraciət edirlər”.
İşinizdə diqqət etdiyiniz məqamlar hansılardır?
“Bir işi ərsəyə gətirərkən onun maddi yox mənəvi tərəfinə yönəlirəm. Əgər bir iş ortaya çıxarıramsa, ən azından bunu adıma yaraşan şəkildə edirəm. Mənim əl işimi bəyənib, yenidən müraciət edilməsi vacibdir. İşin səliqəsi ən önəm verdiyim amildir. Hər dəfə yeni əl işi hazırlayanda onu sıfırdan düzəldirəm. Hər hansı başqa məhsullara baxıb, öz əsərimi onlara bənzətmirəm. Bunu edənlərə də bir mənalı olaraq pis baxıram. Hər rəssamın öz dəsti-xətti olmalıdır və onunla tanınmalıdır. Bu gün mənim işlərim həm bu mənada, həm də səliqəsinə görə seçilir. Hazırladığım məhsullar daha çox milli üslubdadır. Əl işlərimdə diqqət etdiyim məqamlardan biri də onların hər birinin özünəməxsus hekayəsi olmasıdır. Məsələn nar birliyi və sevgini simvolizə edir, buta alovu, islamdan öncə dinimiz olan zərdüştlüyü, iki buta iki aşiqi, xarıbülbül bu gün Azərbaycanın hətta deyərdim türk dünyasının zəfərini və s. Bunun kimi bir çox misallar çəkmək olar. Bir işi yaradarkən belə hekayələri düşünürəm, ağlıma bir hekayəni, ona aid dizaynı qurub sonradan şüşə və ya keramika üzərinə köçürürəm. Gördüyüm işi ən əsası sevgi ilə görürəm. Sevgimi verdiyim üçün də işim mənə eyni müsbət enerjini, necə deyərlər öz meyvəsini verir.
Sənətin özəlliyi insanın bu işə öz ruhunu yansıtmasındadır. Bir insan nə yaşayır, içində hansı tufanlar qopursa, hansı sevincləri varsa bir sözlə nədirsə o da öz işində özünü büruzə verir. Buna bir növ güzgü də demək olar. Bir gün bir müştərim ilə emalatxanamda olarkən söhbət edirdik. Həqiqətən sənətdən anlayışı olan insan idi. Cəmi iki dəfə görməsinə baxmayaraq xarakterimi, içimdə olanları üzümə oxudu. Bu sözün əsl mənasında möcüzə idi. Var baxan insanlar, var görən insanlar. Görən insanlar bir əsərə baxarkən onu yaradan sənətkar haqqında danışa bilir. Bu haqda çox uzun danışmaq olar. Bir sözlə başqa bir yerdə özümü görə bilməzdim. Bu sənət hər gün biraz daha sevdirir, bir az daha özünə öyrədir”.
Son olaraq bu müsahibəni oxuyanlara nə demək istəyirsiniz?
“İki növ insan vardır bir stəkanın yarıya qədər dolu olduğunu görən və stəkanın yarıya qədər boş olduğunu görən. Hər zaman yarıya qədər dolu olanını görən insanam. Optimistəm və sonuna qədər həyatda nə olursa yaxşılığa doğru olduğuna inanıram. Bu yazını oxuyan hər bir kəsə də bunu arzu edirəm. Bəlkə də bu sizin üçün bir işarədir. Gözəl düşünün, gözəl şeylər olsun”.
Daha ətraflı aşağıdakı sujetdə :
Medianews.az