Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ Suriyaya da dağıdıcı təsir göstərib.
Medianews.az xəbər verir ki, 2011-ci ildə başlayan vətəndaş müharibəsindən bu yana böyük çətinliklərlə mübarizə aparan Suriya vətəndaşlarının iztirabları baş verən təbii fəlakət nəticəsində daha da artıb.
Zəlzələdən canlarını qurtaran Suriyalılar Associated Press-ə verdikləri müsahibədə dünyanın onlara kömək əlini uzatmadığından şikayətləniblər.
Həmin şəxslərdən biri də bacıları və bacısı oğulları da daxil olmaqla 13 qohumunu itirən Abdel-Monem Qassem al-Razouqdur.
2020-ci ildə hökumətin nəzarətində olan Saraqeb şəhərindən Sarmada şəhərinə köç edən Abdel-Monem Qassem al-Razouq, zəlzələdən bir həftə keçməsinə baxmayaraq, hər gün dağılan evinə gəlib zəlzələdə ölən qohumları üçün gözyaşı tökür.
O, hislərini belə ifadə edib: “Mən hər gün bura gəlirəm. Burada xatirələrim var. Bacımın, onun oğlunun paltarını, hamısına bir-bir baxıram Onların ətri buradadır”.
Beynəlxalq ictimaiyyətdən dəstək və yardımın olmamasının dünyanın Suriyaya nə qədər az əhəmiyyət verdiyini bir daha göstərdiyindən şikayətlənən Əl-Razuq, “Bütün dünya Suriya xalqını məyus edib. Əgər bu dağıntı Avropada və ya xarici ölkədə baş versəydi, bütün dünya öldürülənləri xilas etməyə tələsərdi. Amma burada heç kim bizimlə maraqlanmır. Bizi evlərimizdən qovdular, heç kim soruşmadı, bizi bombaladılar. Heç kim bizimlə maraqlanmadı”.
Qeyd edək ki, Suriyanın bu hissəsində zəlzələ iki mindən çox insanın ölümünə səbəb olub. Axtarış-xilasetmə işlərini isə yalnız Mülki Müdafiə əməkdaşları və yerli əhali aparır.