NATO dünən bəyan edib ki, müttəfiqlər zəlzələlər nəticəsində didərgin düşmüş insanlara sığınacaq vermək üçün “tam təchiz olunmuş yarı daimi sığınacaq obyektləri” yerləşdirməyə razılaşıblar.
Medianews.az bildirir ki, NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obyektlərinin yerləşdiriləcəyini açıqlayıb.
NATO-nun yazılı bəyanatında deyilir ki, müttəfiqlər fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində evlərini tərk etmiş insanlara sığınacaq vermək üçün tam təchiz olunmuş yarıdaimi sığınacaq obyektlərinin yerləşdirilməsi barədə dünən razılaşıblar. Bu prosesə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Q.Kavolinin rəhbərlik edəcəyi bildirilib. Bildirilib ki, bu sığınacaq obyektləri adətən NATO tərəfindən təlimlər və əməliyyatlar üçün yerləşdirilə bilən qərargah kompleksi kimi istifadə olunur və istilik, elektrik generatorları, tibbi müalicə sahələri də daxil olmaqla bir sıra şəraitlə təchiz oluna bilər.
Alyansın hərbi səlahiyyətlilərinin obyektlərin yerləşdirilməsi üçün zaman çizelgesi, ən uyğun logistika və nəqliyyat variantları üzərində çalışdıqları ifadə edilən açıqlamada, NATO baş katibi Yens Stoltenberqin mövzu ilə bağlı açıqlamalarına da yer verilib. Stoltenberq qərarı alqışlayaraq, “NATO müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içərisindədir və bu sığınacaq obyektlərinin yerləşdirilməsi insanların həyatını xilas etməyə kömək edəcək. NATO müttəfiqləri və tərəfdaşları yardım səylərinə əhəmiyyətli dəstək verirlər və biz ehtiyacı olanlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik” deyib.