Türkiyədə baş verən zəlzələdən canını qurtaran “Hatayspor” klubunun futbolçusu Kevin Soni “Foot Mercato” nəşrinə baş verənlərdən danışıb. “Qafqazinfo” xəbər verir ki, fransız hücumçu fəlakətdən necə sağ çıxdığından söz açıb:
“Heç vaxt bunu yaşamamışam. Düşündüm ki, dünyanın sonu gəlir. Bu ömürboyu unutmayacağım hadisədir. Yanımda insanların öldüyünü gördüyümdə hər şeyin boş olduğunu anladım. “Kasımpaşa” ilə son turda baş tutan oyundan sonra evə gəldim və qohumlarımla “Playstation” oynamağa başladım. Saat gecə 4:00-5:00 aralığında ev silkələnməyə başladı. Tavan və divarlar sökülməyə başlayanda pilləkənlərdən qaçdıq. Bina dağılmadan öncə çıxa bildiyimiz üçün çox şanslı idik. Bir çox ölüm gördüm həmin vaxt. Bunları mənə bir həftə öncə söyləsəydiniz, inanmazdım.
Əvvəlcə düşündüm ki, çöldə güclü külək var. Amma sarsıntı olduğunu görəndə bildim ki, başqa bir şeydir. Öncə pəncərədən aşağı tullanmaq istədim, amma 7-ci mərtəbədə idik. Bir daha futbol oynaya bilmərəm deyə, pilləkənlərlə qaçmağa üstünlük verdim. Hər kəs evini, maşınını buraxıb sığınacaq yeri axtarır. Həyatımda ən təəccüblü hadisə idi”.
Soni yerin bölünməsinin dəhşətli olduğunu deyib: “Yanında insanlar ölərkən sıradakının sən ola biləcəyini düşünürsən. Bina üstümüzə gəlirdi. Biz çıxan kimi bina çökdü və toza döndü. Burdan çıxa bildiksə, Allah belə istədi deyə düşündüm. Çox şanslı idik. Dünyanın dərinliklərində nə olduğunu bilmirdim. Gözümün önündə yerin bölünməsi dəhşət idi”.
Kamerunlu forvard namaz qıldığı üçün həmin saatda oyaq olduğunu da sözlərinə əlavə edib: “Mən müsəlmanam və dindaram. Günün ilk namazını qılmaq üçün səhər 06:40-a qədər gözləyirəm. Bu səbəbdən yatsaydım, mütləq öləcəkdim deyə fikirləşirəm. Hətta yüz faiz öləcəkdim, çünki binadan qopub düşən daşlar çox böyük idi.
Hadisələrdən sonra klubun məşq bazasına getmək üçün avtomobilimə əyləşdim. Hər 10 dəqiqədən bir böyük sarsıntılar olurdu. Yemək yeməyə çalışdıq, amma bacarmadıq. İki gün yemək yemədik. Sadəcə su var idi. Zaman-zaman meyvələrimiz oldu, amma qadınlar və uşaqlar öncəlik idi. Komanda yoldaşlarımızla qidaları onlara verdik. Yemək yemədik, amma içə bilsin deyə qadınlara və uşaqlara su gətirməyə çalışdıq. Sonra bir təyyarə gəldi və bizi götürdü. Hər şeyi Hatayda qoyduq. Önəmli olanda güvənli bir yerdə qərarlaşmağımızdır”.