Ədirnədə zəlzələdən zərərçəkənlər üçün toplanan yardım materiallarını oğurladığı iddia edilən Keşan Bələdiyyəsinin 4 qadın işçisi işdən uzaqlaşdırılaraq, barələrində istintaq başladılıb.
Medianews.az bildirir ki, mərkəzləri Kahramanmaraş olan 10 vilayətdə baş verən zəlzələdən sonra Keşan İlçe Qubernatorluğu və Keşan Bələdiyyəsi tərəfindən minlərlə insana yardım kampaniyası başladılıb.
Bələdiyyənin çağırışından sonra camaat Keşan Liseyi Bağlı İdman Zalına elektrik qızdırıcıları, çəkmələr, şərflər, ətəklər, adyallar, uşaq yeməkləri, yataq çantaları, boru qızdırıcıları, sviterlər, qış paltarları, corab və uşaq bezi kimi ehtiyaclar gətirib. Keşan Bələdiyyəsinin Park və Bağçalar Müdirliyindən çeşidləmə üçün təyin edilmiş 4 qadın işçinin bəzi yardım materiallarını oğurlayaraq evlərinə apardıqları iddia edilib. Hadisənin üzə çıxmasından sonra 4 nəfər işdən kənarlaşdırılıb, barələrində araşdırma başlanıb.
Keşan Bələdiyyə Başçısı Mustafa Helvacıoğlu hadisə haqında açıqlama verib: “Hazırda təhqiqat mərhələsindəyik. İstintaqın gedişatına uyğun olaraq onların əmək müqaviləsinə xitam veriləcək. Onlardan sabaha qədər müdafiə etmələri istənilib. İntizam komitəsi bazar ertəsi toplanacaq. Hadisə gerçəkdirsə, işlərinə dərhal xitam veriləcək. Belə bir şeyi bağışlamaq olmaz. Belə bir şeyi heç kim bağışlaya bilməz. Mənim bütün 539 işçim ürəyini bu işə qoymalıdır. O 4 nəfər bizim kadrımız ola bilməz. Biz bunu qəbul edə bilmərik. İddialar, təsbitlər var. Elə başa düşürəm ki, bu hadisəni onlar edib. Məlumat bu istiqamətdədir. Prokurorluğa da cinayət işi açacağıq”.