Türkiyədə baş vermiş güclü zəlzələ, hər kəs kimi bizləri də sarsıtdı. Böyük fəlakət insanları vahiməyə saldı.
Minlərlə insanların yaşadığı binalar, bir anda yoxa çəkilərək insan təlafatının daha da çox olmasına səbəb oldu.
Bəs bizdə necə? Qorxmağa dəyərmi? Ümumiyyətlə Azərbaycanda binaların kefiyyəti necədir?
Məsələ ilə bağlı Medianews.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Türkiyədə baş verən dəhşətli zəlzələ onlarla binanı yerlə yeksan edib:
“Qalan binalar isə dağıntıya məruz qalmadı. Zəlzələnin balı nə qədər yüksək olsa da, tab gətirən binalar az deyildi. Bu onu deməyə əsas verir ki, dağılan binaların kefiyyəti çox aşağı olub. Bu səbədən də xeyli itkilər baş verib. Çoxmənzilli yaşayış binası tikilən zaman yüksək kefiyyətli tikinti materiallarından istifadə olunmalıdır. Beton, beton pərdələr, kalonlardan istifadə binanın möhkəmliyini artırır. Bunlarla binanın davamlığını qorumaq olar”.
Ekspert qeyd edib ki, Azərbaycanda binaların kefiyyəti Türkiyədəkindən qat-qat üstündür:
“Bizdə bina inşa edilən zaman adiyyatı üzrə bütün qurumlar yoxlama işləri aparırlar. İlk öncə binanın layihəsi çəkilir. “Şəhərsalma və Arxitektura Komitə”si tərəfindən təsdiq oldunduqdan sonra tikintiyə icazə verilir. Binanın hündürlüyü, divarlarının qalınlığı, istifadə olunan betonun markası, armaturların ölçüsü hər biri qeyd olunur. Layihədə qeyd olunmuş bütün materiallardan istifadə olunmalıdır. Digər kənar materiallardan istifadə olunarsa, tikinti həmən saxlanılır. O, baxımdan Azərbaycanda tikilən yeni binalar zəlzələyə davamlıdı. Bildiyiniz kimi Azərbaycanda binalar daha çox Bakı şəhərində tikilir. Bu binaların bir hissəsi də qayalıqlar üstündədir. Zəlzələ baş verərsə, yeni tikili binalarda elə də fəsad olmaz”.
Eyni zamanda Elnur Fərzəliyev köhnə binalarda problemlərin ciddiliyini qeyd edib:
“İstismar müddətini başa vumuş sovet binaları var ki, onların da bir hissəsi qəzalı olaraq qediyyata alınıb. Həmin binalarda təmir, tikinti işləri aparmaq lazımdır ki, bu cür hallar baş verərsə, dağıntının sayı az olsun. Həmin binalarda 2016-cı ildən söküntü işləri gedir. Köhnə binalar, təzələri ilə əvəz olunur. Bu uzun çəkən proses olduğundan vaxta ehtiyac var. Lakin inanmıram ki, bu və ya digər hallara vaxtı keçmiş binalar tab gətirər”.
Mehin Mehmanqızı
Medianews.az