Honqkonq bölgəyə turist cəlb etmək üçün bura gələnlərə lotereya vasitəsilə yarım milyon təyyarə bileti verəcək.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, covid-19 pandemiyası bölgənin turizm sahəsinə külli miqdarda ziyan vurub. Muxtar bölgə isə sözügedən sahədə mövcud vəziyyəti düzəltmək üçün bu maraqlı üsula əl atıb.
Məlumata görə, bölgəyə səfər edən turistlərə 250 min avro dəyərində olan 500 min təyyarə bileti paylanacaq. “Hello Hong Kong” adlı turizm kampaniyası çərçivəsində keçiriləcək püşkatmanın martın 1-də olacağı açıqlanıb.
Qeyd edək ki, 2019-cu ildə pandemiya başlamazdan əvvəl Honq Konqa 56 milyon turist səfər edib. Şəhər əhalisinin sayının 7 dəfədən çoxunu təşkil edən bu rəqəmin azalması səbəbindən ötən il şəhərin ÜDM-i 2021-ci illə müqayisədə 3,5 faiz azalıb.
Aytac Şahin
Medianews.az