İsrailin döyüş təyyarələri Qəzza zolağının bəzi nöqtələrini raketlərlə hədəfə alıb.
Medianews.az Fələstinin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki əraziyə üç raketlə hücum edib. Hücumun hədəfi olan ərazidə yanğın baş verib, yaxınlıqdakı mülki yaşayış məntəqələrinə maddi ziyan dəyib.
İsrail döyüş təyyarələri həmçinin Qəzzanın mərkəzi və şimal hissəsindəki əkinçilik sahələrini və Beyt Lahya qəsəbəsinin şimalındakı bir nöqtəni bombalayıb. Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat paylaşılmayıb.
Dünən axşam saatlarında İsrail Ordusunun sözçüsü Qəzzadan raket atıldığını və İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Qəzzadan atılan raketə cavab üsulunu qiymətləndirmək üçün kabinetdən fövqəladə iclas tələb etdiyini bildirib.
Mehin Mehmanqızı
Medianews.az