Türkiyə valyuta birjalarında avro və dollar bahalaşıb. Dollar 0.14 faiz bahalaşıb. Hazırda 1 dollar 18.81 lirəyə təklif olunur. Avronun məzənnəsində isə 0.11 faiz artım qeydə alınıb. Birjalarda 1 avro 20.40 lirəyə mübadilə edilir.
Bəs, Azərbaycanda dolların bahalaşması gözlənilirmi?
Məsələ ilə bağlı Medianews.az- a danışan iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə bildirib ki, Türkiyədə onsuz da çox böyük inflyasiya var:
“Əgər dollar bahalaşırsa, bu inflyasiyanı daha da sürətləndirir. Çünkü Türkiyədə dollar bahalaşdıqca, əksər məhsullar üzrə istehsalın maya dəyəri də artır. Azərbaycan da Türkiyədən önəmli həcmdə məhsul idxal edir və bu baxımdan Azərbaycanın Türkiyədən idxalı da bahalaşır. Ancaq hazırda Türkiyədə dolların ciddi bahalaşacağını gözləmirəm və bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün də çox böyük təsiri olmayacaqdır. Digər tərəfdən Azərbaycan manatı dollara pərçimlənmişdir (ingiliscə.peg), Türkiyədən idxal da əsasən dollarla həyata keçirilir və bu baxımdan da manat üzərində hər hansı bir ciddi təzyiq olacağını düşünmürəm. Azərbaycanda dolların bahalaşmasına gəldikdə isə Azərbaycanda sabit məzənnə siyasəti yürüdüldüyündən, manatın ucuzlaşmasını ciddi şəkildə şərtləndirən bazar konyukturası ortaya çıxmadığından bu yaxın vaxtda gözlənilmir”.
Mehin Mehmanqızı
Medianews.az