Çoxdandır bu günü gözləyirdik. Xalq artisti Röya Ayxanın konsertini… Bu konsert bir neçə dəfə planlaşdırılsa da qismət Yanvarın 27-nə idi. Röya üç gün üç gecə səsli-küylü, sözlü-söhbətli, dostu sevindirən, düşməni çatladan bir konsert verdi ki, gəl görəsən.Söhbət Röya Ayxanın Bakı Konqres Mərkəzində “Dəli kimi” adlı üç gün davam edən solo konsertindən gedir.
Konsert öncəsi media nümayəndələri ilə görüşən Xalq artisti daim ona dəstək göstərən, yanında olan media nümayəndələrinin suallarını cavablandırdı. Hər zamankı kimi onlara yanında olduğu üçün təşəkkürünü bildirdi.
Konsertin 3 il ərzində müxtəlif səbəblərdən təxirə salındığını xatırladıb və buna görə külli miqdarda xərcə düşdüyünü, borclarının olduğunu etiraf edən müğənni səmimiliyindən, şən zarafatlarından da qalmadı.
Daha sonra səhnəyə keçib tamaşaçıları ilə görüşdü.
Fərqli obrazda, böyük orkestrla, tanınmış rəqs qrupu və brend imzalarla çalışan Röya həmin gecə tamaşaçılarına unudulmaz bir gecə yaşatdı. Elə bir gecə ki, 3 il gözləməyinə dəyərdi.
Röya Ayxan hər zaman nümayiş etdirdiyi mahnıları ilə insanların qəlbinə yol tapmağı bacarıb. Onun imzası olduğu layihələr seçilib, sevilib, fərqliliyi ilə dillər əzbərinə çevrilib, bir sözlə hər mənada Röya diqqət çəkməyi bacarıb. “Dəli kimi” konserti də onun konserti kimi…
Səhnədə mahnılarını tamaşaçıları ilə bərabər oxuyan Röya səhnə performansı, şousu ilə gecəyə öz damğasını vurmağı bacardı. Ümumiyətlə ürəkdən gələn ifaya, həqiqi istedada heç kəs laqeyd qala bilmir. Röya isə bunun fərqindədir və tamaşaçının nəbzini tutmağı bacarıb.
İfa etdiyi musiqilərini bütün qəlbi, bütün varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmaqdan ziyada, onların qəlbindən xəbər verməyi də bacarır.
Konsert zamanı ifa etdiyi musiqilərə uyğun səhnə geyimləri, dekorasiyalar o ab-havanı tamaşaçıya yaşadır, bəxş edirdi. Səhnədə gəmi, pəncərə, taksofon, müxtəlif maketlərlə yanaşı, avtomobilin çıxarılması da böyük marağa səbəb oldu. Dijital və işıq effektlərinin bol olduğu konsertdə zalın arxa tərəfində əyləşən izləyicilər üçün də mini səhnə qurulmuşdu. Konsertdə arxa cərgədə oturan tamaşaçılar da unudulmadı. Onlar üçün əsas səhnədən həmin bölümə keçərək ikinci mərtəbəyə qalxdı və onlarla görüşərək ifalarını səsləndirdi.
Anşlaqla keçən gecənin sonuna yaxın Ceyhun Zeynalovla “Bəzən” klipinin təqdimatını da etmiş oldu.
Konsertdə bir-birindən maraqlı şousu, rəqsləri və səhnə dekorasiyası ilə tamaşaçılarınına gözəl dəqiqələr bəxş edən sənətçi hər mahnıya uyğun libasları ilə yadda qaldı. Belə ki, 25 səhnə libası dəyişərək bir ilkə imza atdı.
Bakı Konqres Mərkəzi nə qədər yerli və xarici müğənnilərin konsertini nümayiş etdirib. Amma bu qədər səhnə dekorasiyası, göz qamaşdıran geyim, akustika, performans hələ görməyib deyə bilərəm. Bu da Röyanın tamaşaçılarına olan sevgisi, hörrmətindən irəli gəlir.
Sağ ol Röya, sənətinə və tamaşaçılarına olan hörmətinə görə. Görünən o ki, Röyanın bu konserti hələ uzun müddət danışılıb, müzakirə ediləcək. Xalqa sevgi və xalqın sevgisinin daimi olması diləyi ilə…
Xəyalə