“Tehranda səfirliyimizə edilən hücum Azərbaycan dövlətinə qarşı törədilən təxribatdır”
Bu sözləri millət vəkili Fazil Mustafa bu gün Tehranda verən hadisə ilə bağlı Medianews.az-a açıqlamasında deyib. O, bildirir ki, qarşı tərəf başqa adla məsələnin üstünü örtməyə çalışır:
“Bu hadisə birmənalı olaraq İran Xüsusi Xidmət Orqanları tərəfindən planlı şəkildə həyata keçirilən terror aktıdır. Əgər bu işin arxasında İranın Xüsusi Xidmət Orqanlarının əli yoxdursa, o zaman səfirliyimizin mühafizəsini yüksək şəkildə təmin etməli idilər. Tehranın mərkəzində hər hansı bir şəxsin silahla səfirlik binasına daxil olması imkanı yaradılıbsa, deməli artıq bu düşünülmüş şəkildə edilən bir əməldir. Məsələnin üstünü örtmək üçün onu məişət zəminində baş verən qarşıdurma kimi qələmə verməyə çalışırlar. Belə çıxır ki, İran bu əməlinin üstünü tarixdə baş verən Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən hadisəyə oxşadaraq ört-bastır etmək istəyir. Ancaq molla rejimi unudur ki, tarix ötüb-keçib, zaman dəyişib. İndi belə bir cinayəti nə gizlətmək, nə də başqa formada təqdim etmək mümkün deyil”.
Millət vəkili qeyd etdi ki, daha çox ehtimalın bu yöndə olması isə İran-Azərbaycan arasında son illərdə münasibətlərin gərginləşməsi ilə bağlıdır:
“Bunun da əsas səbəbi İranın Ermənistana yönələn dəstəyi və Azərbaycana qarşı apardığı düşmənçilik siyasətidir. Bu ölkədə Azərbaycan səfirliyinə qarşı bir neçə dəfə bu cür təxribat hadisəsi baş verib. Törədilən təxribat İranla Azərbaycan münasibətlərini daha da gərginləşdirmək üçün atılan addımdırsa, həmin məsələdə elə ən böyük zərbə İranın özünə dəyəcək. Çünki əgər bir dövlət öz ərazisində olan elçini qoruya bilmirsə, onun etibarlılığına qarşı inamsızlıq yaranmağa başlayır”.
Deputat həmçinin bildirdi ki, bu hadisə ciddi şəkildə araşdırılmalıdır:
“Əgər İran hücumun terror aktı olmadığını iddia edirsə, bu zaman Azərbaycandan mütəxəsislər cəlb olunmaqla məsələ araşdırılmalı, hər kəsi inandıracaq dəlillər toplanmalıdır. Baş verən hadisənin üzərindən asanlıqla keçmək olmaz. Qarşı tərəf bilməlidir ki, bunun nəticələri çox ağır ola bilər. Azərbaycan bu şəkildə təhdid olunacaq bir dövlət deyil. Əgər baş verən hücum İranın hər hansı mesajını bizə çatdırmaq üçün edilibsə, bu birbaşa molla rejiminin yürütdüyü siyasətin beynəlxalq hüquqa nə qədər zidd olduğunun əyani göstəricisidir. Bir dövlət ərazisində olan başqa bir dövlətin səfirliyini qoruya bilmirsə, deməli öz ölkəsində olan nəzarəti artıq itirib. Digər bir halda isə buna məqsədyönlü formada edilən təxribatdan başqa bir ad vermək olmur”.
Aytac Şahin
Medianews.az