“Bakı Metropoliteni”ndə vaqonun qapılarını açmağa çalışan və qatarın yola düşməsini ləngidən şəxslər 50 AZN cərimələnəcəyi barədə sosial şəbəkələrə məlumatlar paylaşılıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ölkə.Az-a açıqlamasında qaydanın yeni olmadığını deyib:
“Bu qayda İnzibati Xətalar Məcəlləsində (İXM) çoxdan var. Ola bilsin ki, kimlərsə bunu sosial şəbəkələrdə yeni bir məlumat kimi paylaşıb.
İnzibati məsuliyyətə cəlb etmək səlahiyyəti bizdə deyil. Bu məsələ Daxili İşlər Nazirliyininin (DİN) səlahiyyətində olduğu üçün cərimələnənlərin olub-olmaması barədə məlumatsızam. Biz sərnişinə cəza tətbiq edə bilmirik”, – deyə qurum rəsmisi bildirib.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə Ölkə.Az-a açıqlamasında “Bakı Metropoliteni”ndə sərnişinlərin 50 AZN cərimələndiyi qayda pozuntularını sadalayıb:
“Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan STOP açarından isifadə etməyə, stansiyaların vestibüllərində, keçid, platforma və vaqonlarında tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmiryoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti, texniki otaqlara, vintelyasiya köşklərinə, tunellərə və ümumiyyətlə metropoliten işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və s.) istifadə etməyə görə qaydaları pozan şəxslər polis əməkdaşları tərəfindən “Bakı Metropoliteni” ərazisində aşkarlanarsa, həmin şəxslər barədə İXM-nin 306.4-cü maddəsinə uyğun olaraq 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur. Ümumiyyətlə, metropolitendə bütün zəruri texniki imkanlar mövcuddur. Gündəlik olaraq “Bakı Metropoliteni”nin polis idarəsi əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Bu qaydaları pozan şəxslər kamera, digər şəxslərin müraciəti əsasında və ya polis əməkdaşları tərəfindən aşkarlanarsa, müvafiq tədbirlər görülür”.