Ağdam işğaldan azad olduqdan sonra fotoqraf Mahir Hüseynbəyli 15 ay sərasər bu rayonda dolaşıb, ermənilərin xarabalığa çevirdiyi şəhərin, tarixi abidələrin, qəbiristanlıqların görüntülərini lentə alıb. O, bu görüntülər əsasında “Ağdamın ağ damı: erməni vandalizmi şəkillərin dilindən” adlı fotoalbom hazırlayıb.
Mahir Hüseybəyli Bakupost.az–a müsahibəsində bu layihə, eləcə də Ağdamda başına gələn hadisələr barədə danışıb:
“Təsadüf nəticəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla tanış oldum. Ona Ağdamla bağlı çəkmək istədiyim film barədə danışdım. Dedim ki, Ağdamın işğaldan əvvəlki vəziyyəti, işğal dövründəki dağıntılar və hazırda şəhərin necə qurulduğunu göstərmək istəyirəm. Bu təklif maraqla qarşıladı və mən Ağdama getdim. Orda çəkiliş zamanı boş vaxtlarım olurdu və Ağdamdakı dağıntıları çəkməyə başladım. Çünki müəyyən vaxtdan sonra oralar söküləcək və gözəl bir şəhər qurulacaqdı.
Ancaq tək Ağdamın dağıntılarını çəkməkləə kifayətlənmədim. Hazırladığım kataloqa həm də şəhərin işğaldan əvvəlki fotolarını daxil elədim. Yəni göstərmək istəyirdim ki, Ağdam bu cür gözəl şəhər olub. Onun ardınca işğaldan sonrakı dağıntıların görüntülərini qoydum. Düşündüm ki, axırda Ağdamdakı quruculuqla bağlı fotoları qoysaq, daha yaxşı olar”.
M.Hüseynbəyli deyib ki, bu işləri görmək heç də asan olmayıb. Bir tərəfdən şəraitsizlik, digər tərəfdən mina təhlükəsi ciddi problemlər yaradıb:
”Orada həddən artıq mina vardı. Çıxırdıq şəhərə it, canavar, ilanla qarşılaşırdıq. Çətin və maraqlı günlər oldu. Bu mənim Vətənə borcum idi. O fotoların hamısını tək çəkmişəm. Bir müddət Quzanlıdakı qonaq evində qaldım. Hər gün səhər durub Ağdama gedirdim. Özümlə yemək və su aparırdım. Onda hələ orada heç nə yox idi. 3-4 aydan sonra Ağdamda bir vaqonda qaldım. Sonra xüsusi nümayəndə üçün düşərgə tikildi. Orada Emil müəllim mənə qalmağa yer verdi. Emin Hüseynova təşəkkür edirəm ki, mənə şərait yaratdı. Bu çəkiliş mənim şansım idi. Heç kəsin çəkmədiyini çəkdim. Bir dəfə Emin müəllimə dedim ki, siz tarixə düşəsiş məmurlardansız. Yəni, məmur var ki, kabinetdə işləyir, Siz isə bu qədər işi çiyninizə götürmüsüz, bu çətin şəraitdə böyük işlər görürsüz”.