İfrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin İsveç səfirliyi qarşısında Qurani-Kərimi yandırdıqdan sonra Türkiyə və İslam dünyası ayağa qalxıb. Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmasına İsveçdə reaksiyalar davam edərkən, Hollandiyada daha bir qalmaqal yaşanıb.
Medianews.az xəbər verir ki, Hollandiyadakı “Pegida” təşkilatının lideri Vaqensveld əvvəlcə Qurani-Kərimi cırıb, sonra isə yandırıb.
Paludandan sonra Hollandiyanın Haaqa şəhərində növbəti çirkin hücum baş verib.
Pegidanın Hollandiyadakı lideri Edvin Vaqensveld dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Vaqensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Kadrlarda Vaqensveldin Quranın vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.
Qeyd edək ki, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Vaqensveldə bu dəfə müdaxilə edilməyib.
Medianews.az