Azərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni zamanda yollarda xeyli sayda istismar müddətini başa vurmuş maşınları görmək mümkündür. Bu avtomobillərin bir çox fəsadları var.
Medianews.az xəbər verir ki, bunu ekoloq İslam Mustafayev AZTV-yə açıqlamasında bildirib ki, Azərbaycanda hava çirklənməsində avtomobil, nəqliyyat sektorunun payı 80 faizdən çoxdur: “Mühüm məsələ budur ki, avtomobillərin normal istismar müddəti bitib. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidləri və digər qazların sürətli və böyük həcmdə buxarılması ilə nəticələnir”.
Sözügedən avtomobillərin ekoloji vəziyyətə göstərdiyi mənfi təsir getdikcə artmaqdadır. Bundan əlavə ölkədə yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəzərə alsaq ki, köhnə maşınları qadağan etmək mümkün deyil, problemin həlli yolları maraqla gözlənilir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub: “Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəzaların başvermə riskini artırır”.
Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya ziyan vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar.