“O gecə səhərə qədər yaralıları xəstəxanalara daşıdıq. Bütün yollar günahsız insanların qanına bulanmışdı. Yaşananları xatırlamaq belə insanın qanını dondurur. O vaxt nə hisslər keçirdiyimi ifadə edə bilmirəm”.
Bu sözləri 20 yanvar hadisələrinin şahidlərindən olan Rüxsarə Cumayeva Medianews.az-a həmin o gecə yaşadıqlarını danışarkən bildirib. Müsahibimiz deyir ki, həmin gecə yaradılan müdafiə batalyonunda gələn zənglərə cavab verirmiş:
“19 yanvar günü qərargahda oturub zənglərə cavab verirdim. Dörd bir tərəfdən zənglər gəlirdi və mən də onları cavablayıb, qeyd etməklə məşğul idim. Sonra bir anda telefon bağlantısı kəsildi. O zamanlar “07” adlanan rabitə qovşağı var idi. Həmin qovşaq indiki Süleyman Rüstəm küçəsində yerləşirdi. Bağlantının kəsildiyini bildirmək üçün həmin yerə getdim. Orada məni Oruc Şirinov qarşıladı. Sual verdi ki, niyə gəlmisən? Bildirdim ki, Sədərək, Naxçıvan ərazisindən məlumatlar ötürən Fərəməz Allahverdiyevlə anidən əlaqə kəsildi. Onun son sözü isə “Artıq tanklar Sədərəyə daxil oldu” idi. Bağlantı kəsildiyi üçün başqa məlumat əldə edə bilmədik. Oruc müəllim isə məndən geriyə, yəni qərargaha qaytmağımı istədi. Dedi ki, mən bağlantını bərpa etməyə çalışacam. Razılaşıb, qərargaha yollandım. Bu zaman indiki Şamil Ələkbərov küçəsindən, Nərimanov istiqamətində dörd avtobusun hərəkət etdiyini gördüm. Həmin avtobusların içində uzun saqqallı, üzlərində dəmir qoruyucu, başlarında kaska, əllərində isə avtomat silahı olan 50-55 yaş aralığında kişilər var idi. Onların hamısı hərbi forma geyinmişdi. Bu şəxslər hazırkı Şuşa restoranı olan yerdə bağın içinə tökülüşdülər. Bunları görən zaman mən dərhal olduğum avtomobildən düşdüm. Qaça-qaça qərargaha daxil oldum və qışqıraraq, həyəcanla bildirdim ki, bağın içinə əcaib görünüşdə və əli silahlı adamlar daxil olub. Qərargahdakılar səsimə yığışdı. Sözügedən Qərargaha o zaman Əbülfəz Elçibəy rəhbərlik edirdi. Hamıya bildirdi ki, qərargahda bir dənə belə sənəd qalmasın. Ardınca da söylədi ki, küçələrdə tonqal ətrafına yığışan kimi görsəniz, həmin adamları evə göndərməyə çalışın. Qərargahda çalışan şəxslərdən biri də Etibar Məmmədov idi. Həmin günü o AZTV televiziyasında keçirilən görüşə getməli idi. Lakin dövlət televiziyasının enerji bloku partdadıldığı üçün bu veriliş baş tutmadı”.
Verilən tapşırığa əsasən müxtəlif ünvanlara yollanan Rüxsarə xanım bildirir ki, tonqal ətrafında toplaşan insanları evlərinə göndərmək üçün onlarla danışıb, razı salmaq istəyib:
Artıq rus qoşunları şəhəri mühasirəyə almışdı.Yavaş-yavaş atəş səsləri duyulurdu. Atışmanın ilk olaraq haradan başladığını dəqiq olaraq bilmirəm. Bu zaman mən o vaxtkı Nəsimi İcra Hakimiyyətinin binası ilə üzbəüz doqquzmərtəbəli bina tərəfə gəldim. Burada tonqal qalandığını görüb ətrafdakı insanlara yaxınlaşdım. Onlara dedim ki, bizə tonqalları dağıdıb, evə getmək tapşırılıb. Onu da bildirdim ki, vəziyyət çox gərgindir və hər şey ola bilər. Bu səbəbdən adamların burada qalıb, gözləməyi çox təhlükəlidir. Onlar isə evə getmək yox, burada qalmaq istədiklərini bildirib, mənimlə dalaşmağa başladılar. Yalan danışdığımı zənn edərək mənimlə əlbəyaxa oldular. Bu anlarda isə uzaqdan tankların gurultulu, vahiməli səsi gəlirdi. Göz-gözü görmədiyindən orada dayanan şəxsləri də aydın seçmək mümkün deyildi. Birdən huşumu itirib yerə yıxıldım. Oyananda artıq hər yer qan içində idi. Əvvəlcə elə bildim, buradakı adamlar bir-birini döyüb. Bir az özümə gəlib havaya açılan atəşlərin fərqinə varanda başa düşdüm ki, huşumu itirdiyim zaman, tanklar buradan keçmiş və tonqal başına yığışan şəxsləri al-qan içində buraxmışdı. Həmin yaralıları bir-bir gəldiyimiz maşının içinə yığdıq. Salyanski Kazarma tərəfə gedən yolda gördüyüm mənzərə çox dəhşətli idi. Yol boyu hər tərəf qana boyanmışdı. Yolda gördüyümüz yaralıları da təcili avtomobilə yığıb xəstəxanaya çatdırmağa çalışırdıq.
1 saylı Kliniki Tibbi Mərkəzə, indiki Semaşko adlanan xəstəxanaya gəldik. Orada da vəziyyət çox ağır idi. Gördüm ki, aləm bir-birinə dəyib. Ölən və yaralanlar hamısı bir-birinə qarışmışdı. O zaman Vaqif adlı tanış həkim məndən xəstaxanaya niyə gəldiyimi soruşdu. Ona izah etməyə çalışdım ki, yaralı gətirmişik. Təklif etdi ki, madam ürəklisən o zaman təcili yardım maşını ilə bu işi görməyə davam et. Hərbi formamla bütün gecəni yollarda, al-qana boyanmış günahsız insanları xəstaxanaya daşımaq üçün bir an belə dayanmadan çalışdım. Ən çox həlak olanlar və yaralananlar Qızıl Ordu meydanı ərazisində idi. Ora yollanıb yaralıları daşımağa başladıq. İki dəfə Mirqasımov adına Respublika Klinik xəstəxanasına yaralıları gətirdik. Gəldiyimiz avtomobil narahat olduğundan onu dəyişməyi xahiş etdim. Təcili yardım maşınını dəyişib yenidən yola düşdük. Bir neçə dəfə yaralıları daşıdıqdan sonra yenidən Salyanski Kazarmaya yollandıq. Həmin yerə çatmamış bir də gördük ki, binanın altından iki tank çıxdı və dəyişdiyimiz təcili yardım maşınının üstündən keçdi. Maşıın içində həkim briqadası var idi. Onlar da bizim kimi yaralıları daşıyırdı.
Həmin tankların üstündə ətrafı güllə yağışına tutan silah vardı. Biz də birtəhər imkan tapıb, “Milyonerlər məhəlləsi” adlanan əraziyə keçdik. Sürücüyə yalvardım ki, maşını bərk sürsün. Səhər saat 6-a qədər yaralıları müxtəlif xəstaxanalara çatdırdıq”.
Rüxsarə Cumayeva o gecə millətimizin birliyindən danışaraq, xalqımızın bir-birinə necə dayaq olduğunu da vurğuladı:
“Həqiqətən bizim millətimiz çox əzmkar, bir-birini sevən və mehriban insanlardan ibarətdir. 19-dan 20-sinə keçən o vahiməli gecədə işıqlar olmadığından səhərə qədər insanlarımız xəstəxanalarda əlləri yana-yana şam tutub, yaralıların əməliyyat olunmasına kömək edirdilər”.
Faciə dolu zülmət gecənin səhərini müsahibimiz belə xatırlayır:
“Dəhşətli və qanlı gecə nəhayət bitdi. Səhər açıldı… Dedim ki, mən qərargaha getmək istəyirəm. Mənə cavab olaraq bildirildi ki, qərargah hərbiçilərlə doludur. Gedə bilmədim. Yaşadığım yer qərargaha yaxın idi. Küçəyə çıxanda yol boyu uzun-uzun saqqallı hərbiçilər görürdüm. Onlar dünən avtobusla buradan ötərək, keçən hərbiçilər idi.
Artıq komendant saatı tətbiq olunmuşdu. İnsanlar küçələrə axışıb öz yaxınlarını həlak olanlar arasında axtarıb-tapmağa çalışırdı. Mən də əynimdə yaralıların qanına bulanan formamla onların içində idim. Bir neçə dəfə mənə bildirildi ki, hərbi geyimi əynimdən çıxarım. Lakin mən deyilənlərə əhəmiyyət vermədim. Öyrəndik ki, hər kəs meydana toplaşıb. Ora yollananda üzərində topa-topa qərənfillərin olduğu şəhid cənazələrini gördük. Hamılıqla günahsız insanların dəfn mərasiminə yollandıq. Həmin vaxt atam da evə sığmayıb, şəhidlər üçün məzar qazmağa kömək etməyə gəlmişdi. Mən ondan, o da məndən xəbərsiz idi. Bir tanış məni görüb, qışqırmağa başladı ki, atan səni çox axtarıb tapmayıb.Sonra öyrəndim ki, atam məni dəfn edilmək üçün gələn cənazələrin içində axtarırmış. Axır ki, məni sağ-salamat görəndə ürəyi rahatlamışdı. Onunla birgə evə dönməyimi istəsə də qəbul etmədim. Atama sona qədər millətimin bu acı günündə, onlarla olmaq istədiyimi bildirdim. Hətta yaralılara etdiyim kömək üçün mənə komendant saatından da icazə verildi, bildirildi ki, nə zaman istəsəm gəlib-gedə və yaralılara kömək göstərə bilərəm”.
Bu gün o dəhşətli gecəni xatırlayan müsahibimiz həmin gecədə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi olduğunu vurğulayır. İnsanlar tanklardan, silahlı dəstədən, atəşdən qorxmadan küçələrə çıxaraq sözün əsil mənasında mərdlik nümayiş etdirib: “Mən həmin etiraz aksiyasında iştirak etdiyim və Azərbaycanın şərəfli övladlarını tanıdığım üçün fəxr edirəm”.
Aytac Şahin
Medianews.az