Son günlər azyaşlılar və böyüklər arasında qızdırma, öskürək, ümumi halsızlıq kimi halların artdığını nəzərə alsaq, apteklərə üz tutanların sayının çoxluq təşkil etdiyinin şahidi olarıq. Lakin dərman vasitələrinin xəstəliyə təsir etməməsi insanlarda çasqınlıq yaradır.
Məsələ ilə bağlı Medianews.az– a danışan Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, şəklini dəyişmiş viruslara yeni dərman peraparatlarının tətbiqi və istifadəsi bir qədər zaman alır, bu səbəbdən biz onlardan düzgün istifadə edə bilmirik:
“Viruslar yeni mühitə tez uyğunlaşmaq qabiliyyətlərinə malikdirlər. Eyni zamanda virusların yeni törədiciləri meydana çıxır. Onlar da qidalı mühitə tez keçə bilirlər. Bu da onların yaşamaq və uzunömürlük qabiliyyətini artırır. Yeni virusa müalicə üsulları tətbiq edənə qədər zaman alır”.
Ekspert qeyd edib ki, digər amil isə sosial amillərə söykənən faktorlardır:
“Bilirsiniz ki, əhalinin əksəriyyətində ciddi immunitet sistemində çatışmazlıq müşahidə olunur. Burada doğru qidalanmama əsas amillərdəndir. Gündən-günə bahalaşma ərzaq təchizatında problemlər yaradır. Bilirik ki, qidalar immuniteti formalaşdıran faktorlardan biridir. Lakin insanlar bahalaşmalardan dolayı bu nemətlərdən vaxtı-vaxtında istifadə edə bilmirlər. Vitaminli qidalardan istifadənin vacibliyini deyən zaman insanlar almaqda çətinlik çəkdiklərini bildirirlər. Bu baxımdan immunitetin yaranmasında problemlər yaşanır ki, bu da sonra virusun bədənə qalib gəlməsinə səbəb olur. Belə olan halda hər hansı bir dərmandan istifadə öz təsir gücünü göstərməkdə aciz qalır. Biz məsələyə kompleks yanaşmalıyıq.
Eyni zamanda nəinki Azərbaycanda, dünyanın bir çox yerlərində- qlobal çirklənmə, atmosfer dəyişiklikləri, istiləşmə virusun artmasına, yeni növlərinin aşkar olunmasına təsir göstərir. Bu baxımdan virus öz ömrünü uzatmaq gücünə malik olur”.
İlqar Hüseynli bildirib ki, bəzən ölkədə virusun yayıldığı dövürdə dərmana olan təlabat çox olduğundan bu vasitələrin çatışmazlığı yaranır:
“ Dərmanların keyfiyyətinə isə Səhiyyə Nazirliyi Analitik Ekspertiza mərkəzi nəzarət edir. Burada əsas dərman formalarının həcmi və ölçüsü təyin edilir. Eyni zamanda ölkəyə idxal olunan məhsulun uyğunluq sertifikatı alınır.
Düşünürəm ki, bu kifayət qədər nəzarətdədir. Şəklini dəyişmiş viruslara yeni dərman peraparatlarının tətbiqi və istifadəsi bir qədər zaman alır. Ona görə də düzgün istifadə edə bilmirik. Bütün bu faktorlar xəstəliyin daha uzun ömürlü olmasına təsir edən amillərdir”.
Mehin Mehmanqızı
Medianews.az