Həmin gecə gül-çiçəklə qarşılandı, ev paltarı geyinib rus əsgərlərini çəkdi…
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycanın müstəqillik ruhunu boğmaq üçün Bakı küçələrinə yeridi. Yaddaşlardan çıxmayan həmin gecədə 131 nəfər silahsız dinc sakin, qadınlar, uşaqlar qətilə yetirildi 744 nəfər yaralandı və xeyli insan həbs edildi.
Həmin gecənin canlı şahidlərindən məşhur azərbaycanlı fotoqraf Reza Deqati Medianews.az-a danışıb. Həmin faciəni xatırlayan fotoqraf bunu tarixin ən dəhşətli faciəsi adlandırdı:
“Rus ordusu xarici jurnalistərin ölkəyə girişinə icazə vermirdilər. O zaman internet olmadığı üçün məlumatı dünyaya çatdırmaq çox çətin idi.
Həmin müddət UNESCO-da tanınan səlahiyyətli vəzifə sahibi Ramiz Əbu Talıbov Sovet səfirliyində işləyirdi. O, bildirdi ki, Sovet hakimiyyəti bu hadisənin xaricə yayılmasını istəmir. Biz bunu sakit həll etməliydik.
Ertəsi gün Sovet səfirliyinə gedib Moskvaya getmək üçün viza aldım. Guya Moskvada Opera və Balet Teatrını çəkəçəkdim. Ona görə mənə viza verdilər. Moskvaya Azərbaycan nümayəndəliyinə gəlib, məlumat verdim. Bildirdilər ki, Bakıya getməyə icazə verilmir. Bir neçə xarici jurnalistlə Bakıya getmək cəhdlərimiz də alınmadı. Bir gün sonra güclə də olsa icazə ala bildik”.
Həmin illəri kədərlə xatırlayan fotoqraf qeyd edir ki, Bakıya çatdıqda gördüyü mənzərə acınacaqlı olub:
“Çox çətin şərtlərdə şəhərə özümüzü yetirdik. Gecə rus əsgərləri hər kəsi yoxlayırdılar. Bakıya çatanda qızlar bizi əlində gül-çiçəklə qarşıladı. Dostlarımız elə bir ssenari qurmuşdu ki, guya sevdiyimiz xanımlarla görüşməyə gəlmişik. Dostum Əhməd və mən 3 gün paytaxtı gəzdik. Sanki Bakının üstünə bir qara bulud çökmüşdü. Hər kəsin üzündə kədər, acı hiss olunurdu. Şəhərdə matəm elan olunmuşdu. Sanki şəhər inildəyir, fəryad edirdi. Fəryad edənləri gördükcə insanın damarında qanı donurdu. Mən də bu mənzərəyə şahidlik edə bilmirdim. İnsanın içi parçalanırdı. Fotoaparatımı çıxarıb, bu tarixi fotoları əks etdirdim. Məqsədim dünyaya həqiqəti göstərmək idi. Buna görə də fotolar çəkməli idim. Xəstəxanaya yollandıq. Amma çəkilişə icazə verilmirdi.
Şəhərdə nəzarət gücləndirilmişdi. Küçələrdə rus əsgərləri hər kəsə nəzarət edirdi. Həmin illər heç kimin fotoaparatı yox idi. Əsgərlər kimin əlində nə görürdülərsə əlindən alırdılar. Bakının arxa tərəfində rus tankları vardı. Mən də o mənzərəni çəkməyə çalışırdım. Ancaq heç bir şərait yox idi. Vəziyyəti belə gördükdə tankların olduğu məhəllədə bir evə girdim. Ev paltarı geyinib, əlimə dəsmal aldım, özümü elə göstərdim ki, guya pəncərəni təmizləyirəm. Paltarın altında isə fotoaparatla tankları çəkirdim. Çox çətin illər idi. 20 Yanvar gecəsi həlak olan vətəndaşları dağüstü parkda dəfn etməyə gətirirdilər (Dağüstü parkın əvvəlki şəkillərini göstərir. Birdən bir qadın rəsmi qarşısına çıxır, şəkli mənə uzadıb, danışır-X.R.). Orda bir qadın vardı, oğlunu dəfn etmişdilər. Qadın günlərlə o məzarın başından getmirdi. Deyirdi ki, burda uzanacam məni oğlumun yanında basdırarsınız. Qadın oğlundan sonra yaşamaq istəmirdi.
O zaman paytaxt sakinləri bizə kömək etdilər. İki qrupa bölündülər: bir qrup bizimlə gizləndi, digər qrup isə rus əsgərlərinin fikirini yayındırmaq üçün dava etməyə başladı. Əsgərlər isə davanı sakitləşdirmək üçün qapıdan çəkildilər. Biz bundan istifadə edərək içəri girdik. 20 Yanvar gecəsi yaralananları çəkdik, reanimasiyaya daxil olduq, əməliyyat masasısında bir çox çəkilişlər etdik. Həmin xəstəxanada dünyasını dəyişən şəhidlərimizi çəkdik. Hətta onu da qeyd edim ki, şəhidlərin yaxınları onları şəkillərdən tanıyırdı. Mən Bakıda 3 gün qalmalı oldum ki, qətliamın fotolarını əldə edib dünyaya çatdıra bilim.
İçərişəhərin qarşısında tanklar dayanmışdı. Həmin tankları çəkmək çox təhlükəli idi. Mən azərbaycanlı bir xanımdan xahiş etdim ki, onun şəkillərini çəkirəmmiş kimi dayansın. Əslində isə həmin tankları çəkirdim. Bilmirdik ki, hər an başımıza nə gələ bilər. Amma bu qətliamı dünyaya çatdırmaq lazım idi.
O hadisələri lentə aldıqdan sonra mən Parisə qayıtdım. O zaman 18 jurnalist məndən müsahibə aldı. 20 Yanvar gecəsi Bakıda yaşananları dünyaya çatdıra bildim.
20 yanvar faciəsini, Xocalı faciəsini, Qarabağ məsələsini hələ də dünyaya çatdırıram. Bu yolda sizlər də mənə kömək edirsiz. Bu, böyük xalq qarşısında baş əyirəm”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.