Ali Məhkəmədə kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın məlumatına görə, hakim Tahir Kazımovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslə bağlı qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bir müddət əvvəl “Gəncəli Firdovsi” ilə Şəmkir rayonundan olan “Yetim Sabir” kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi “Yetim Sabir”ə o dövrdə Türkiyədə olduğu qeyd edilən (qətlə yetirilən) “Lotu Quli”kimi tanınan Nadir Səlifovu “oğru” kimi tanımadığını bildirmişdi. Bundan sonra tərəflər arasında ciddi mübahisə yaranmışdı. Daha sonra mətbuatda “Yetim Sabir”in bıçaqlandığı haqda məlumatlar getmişdi. Bu əməlin Firdovsi Mustafayev tərəfdən törədildiyi bildirilmişdi.
Qeyd: “Gəncəli Firdovsi” 2017-ci ildə Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.
Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.
Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.
Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda “surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.
Samux rayonunun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.