Azərbaycan paytaxtında soyuq qış havası yaşanır. Ötən gündən etibarən başlayaraq Bakıda qar yağır. Parklar, meydanlar, xiyabanlar, küçələr ağappaq örpəyə bürünüb. Bəs görəsən belə havada küçədə yaşayan, isinməyə ehtiyacı olanlar üçün çadrlar quraşdırılıbmı? Onlar üçün hansı önləyici tədbirlər görülüb?
Mövzu ilə bağlı Medianews.az dövlət qurumlarına müraciət etdi.
Saytımıza verilən məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir.
Müəssisənin “Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi”nə 2023-cü ilin əvvəlindən bu günədək 4 nəfər müraciət edib.
Hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir.
Müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur.
Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3 (üç) dəfə yemək, 2 (iki) dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.
Bundan əlavə, ötən günlərdə çətin həyat şəraitində yaşayan 2 vətəndaşımız Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vətəndaşlar həmin xəstəxanadadırlar və ailənin vəziyyəti diqqətdə saxlanacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov isə bildirdi ki, iki il əvvəl Bakıya qar yağan zaman şəhərin müvafiq yerlərində çadrlar qurulsa da indi bununla bağlı heç bir tədbir görülməyib.
Xəyalə Rəis
Medianews.az