Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Gənclik şəhəri” təmsilçisinin danışıq apardığı futbolçulardan biri də “Neftçi”nin müdafiəçisi Mərt Çelikdir.
Milliləşdirilmiş müdafiəçi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun hələ “Neftçi”də işlədiyi dönəmdə yaxşı tanıdığı futbolçudur. O, hazırda “Neftçi”nin düşərgəsində olsa da, klubda qalıb-qalmayacağı bilinmir.
Bir ara “Səbail”ə icarəyə veriləcəyi gözlənilsə də, bu keçid də baş tutmayıb. Ona görə də, “Sumqayıt” fürsəti əldən verməyərək müdafiəsindəki boşluğu Çelikin transferi ilə doldurmaq istəyir. Futbolçunun mövsümün sonunadək “Sumqayıt”a icarəyə veriləcəyi daha real görünür.
Qeyd edək ki, müqavilə ilə Türkiyənin “Başakşehir” klubuna məxsus olan Mərt Çelik “Neftçi”də də icarə əsasında çıxış edir.