Şimali Koreya lideri Kim Çen In “yeni ildə ölkəsinin nüvə silahı potensialını eksponent olaraq artırmaq” məqsədini açıqladıqdan sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi “Pxenyanın nüvə silahından istifadə etmək cəhdinin rejimin sona çatmasına gətirib çıxaracağı” barədə xəbərdarlıq edib.
Medianews.az bildirir ki, keçən il rekord sayda 37 raket sınağı həyata keçirən və Koreya yarımadasında və ətrafında artan təhlükəsizlik narahatlığına səbəb olan Şimali Koreya lideri Kim Çen In, bu il də ölkənin nüvə silahı və ballistik raket proqramını davam etdirəcəyinə işarə edib. Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, hakim Koreya İşçi Partiyasının bir gün əvvəl başa çatan ümumi yığıncağında danışan Kim, Cənubi Koreyanın “mütləq düşmən” olduğuna diqqət çəkərək, əhəmiyyətini vurğulayıb. Kim həmçinin “ölkənin nüvə silahı potensialını eksponent olaraq artırmağa” çağırıb. Kimin “əsas vəzifəsi sürətli nüvə əks-hücum” olan yeni qitələrarası ballistik raket sisteminin yaradılması layihəsini də gündəmə gətirdiyi açıqlanıb.
Seul administrasiyasının Pxenyanın son bəyanatına reaksiyası tez olub. Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanı “nüvə proqramını dərhal dayandırmağa və nüvəsizləşdirmə yoluna qayıtmağa” çağıraraq, “Şimali Koreyanın nüvə silahından istifadə etmək cəhdinin Kim Çen In rejiminin sona çatmasına səbəb olacağı” xəbərdarlığını edib.