Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinq videobağlantı vasitəsilə danışıqlar aparıblar. Onlar başlamazdan əvvəl Putin Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığı gücləndirmək planlarını açıqlayıb. Çin prezidentinin Moskvaya dövlət səfəri 2023-cü ilin yazına planlaşdırılıb.
Kremlin mətbuat xidməti xəbər verir ki, dekabrın 30-da Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin videobağlantı vasitəsilə danışıqlar aparıblar.
Putin bildirib ki, Rusiya-Çin münasibətlərinin bütün kompleksində hərbi və hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur :
” Bu əməkdaşlıq ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə və əsas regionlarda sabitliyin qorunmasına töhfə verir. Biz Rusiya və Çin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni gücləndirməyi hədəfləyirik” – bildirib.
Rusiya prezidenti qeyd edib ki, geosiyasi gərginliyin artması şəraitində Rusiya-Çin strateji tərəfdaşlığının möhkəmlənməsi sabitləşdirici amildir. O, iki ölkə arasındakı münasibətləri “tarixin ən yaxşısı” adlandıraraq, onların XXI əsrdə böyük dövlətlər arasında əməkdaşlıq modelini təmsil etdiyini qeyd edib.
Mehin Mehmanqızı
Medianews.az