Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikanın Yohannesburq şəhərində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.
Cənubi Afrika Respublikası Səhiyyə Nazirliyindən verilən açıqlamada, dekabrın 24-də körpünün altında qalan tankerin partlaması nəticəsində ölənlərin sayının 27-yə yüksəldiyi, daha 12 nəfərin yaralandığı bildirilib.
Bildirilib ki, xəstəxanada müalicə olunanlar arasında bədənlərində ağır yanıq xəsarətləri olan yaralılar var, ona görə də ölənlərin sayı arta bilər.
Cənubi Afrika mətbuatında çıxan xəbərə görə, saxlanılan tanker sürücüsü “dəlil olmadığı üçün” sərbəst buraxılıb.
Cənubi Afrika prezidenti Siril Ramafosa verdiyi açıqlamada partlayışın araşdırıldığını və partlayışdan zərər çəkən vətəndaşlara lazımi köməklik göstəriləcəyini bildirib.
Boksburq bölgəsində körpünün altında qalan yanacaq tankeri sürtünmə nəticəsində alovlanıb və partlayış nəticəsində bir xəstəxananın damı uçub, iki ev dağılıb, bəzi avtomobillər və ətrafdakı çox sayda insan yaralanıb.
Mehin Mehmanqızı
Medianews.az