Ötən gün Yasamalda yerləşən “MİDA” yaşayış kompleksinin sakinləri tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətin məğzində ictimai nəqliyyatın gecikməsi, avtobusların azlığı və sakinlərin ən az 30-40 dəqiqə dayanacaqda gözlədikləri qeyd olunub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Agayev Medianews.az-a açıqlamasında bildirdi ki, Bakı şəhərində bu gün avtobusla olan problemin başlıca səbəbi xüsusi zolaqların olmamasıdır:
“Avtobusların gecikməsi təkcə “MİDA”yaşayış kompleksində müşahidə olunmur. Bildiyimiz kimi avtobus intervalında əhəmiyyətli dərəcədə gecikmələr var. Bu bəzi hallarda 40 dəqiqəyə kimi müşahidə olunur. Nəticə etibarilə də bundan əziyyət çəkən sərnişinlər olur. Adı çəkilən ərazilərdə avtobus kifayət qədərdir. Sadəcə şəhərdə olan tıxaclar nəticəsində nəqliyyat vasitələri interval üzrə vaxtında mənzil başında ola bilmir. Marşurut xətlərinin getdiyi məsafələri belə qısaltsaq o zaman sərnişinlər şikayətlənəcək ki, mən niyə bir ünvana getmək üçün 2 avtobus dəyişməliyəm?
Bakı şəhərində bu gün avtobusla olan problemin başlıca səbəbi xüsusi zolaqların olmamasıdır. Tələbatlar artdıqca yeni avtobuslar xəttə çıxarılacaq. Hələki orada gecikmələrin səbəbi avtobusların azlığı deyil şəhərdə olan ümumi sıxlıqdır”.
Ayşən Azadova
Medianews.az