Ermənistan, sözsüz ki, KTMT-də qalacaq. Bütün çətinliklərə, heç də hər şeyin razılaşdırılmamasına baxmayaraq Ermənistan KTMT-də qalacaq.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
“Tədbir [KTMT sammiti] bütün mürəkkəbliyinə baxmayaraq, liderlərin çıxışları zamanı hər şeyin razılaşdırılmamasına baxmayaraq bu formatın aktuallığını, KTMT-nin aktuallığını və həyati qabiliyyətini bir daha təsdiqlədi”, – deyə Kremlin sözçüsü əlavə edib.
Peskov bildirib ki, danışıqlarda KTMT ölkələrinin liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər: “Bu mövzuya olduqca açıq, çox birbaşa, konstruktiv toxunulub. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var”.
Putinin mətbuat katibi mövzunun gündəmdə olduğunu vurğulayıb.