Zelenski prezident Ərdoğana və Quterreşə təşəkkür edib
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı qəbul edilən qərara görə təşəkkür edib.
Gecə saatlarında Telegram hesabında paylaşdığı video mesajında Zelenski Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında alınan qərara uyğun olaraq Qara dəniz taxıl dəhlizi sazişinin uzadılmasını qiymətləndirib.
Zelenski, “Rusiyanın bütün çətinliklərinə və müxtəlif manipulyasiyalarına baxmayaraq, Qara dəniz limanlarımızdan kənd təsərrüfatı məhsullarını ixrac etməyə davam edəcəyik” dedi.
O bildirib ki, taxıl təşəbbüsü sayəsində avqustun 1-nə kimi 450-dən çox gəmi ilə Ukraynanın Odessa vilayətinin limanlarından ümumilikdə 11 milyon ton ərzaq məhsulları ixrac edilib:
“Biz bu işi yaxşılaşdırmaq üçün hər şeyi etdik və kömək edən bütün tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Mən şəxsən BMT-nin baş katibi Quterreşə, Türkiyəyə və prezident Ərdoğana təşəkkür edirəm”.
Zelenski qlobal aclıq böhranının qarşısını almaq, taxıl təşəbbüsünü genişləndirmək üçün danışıqlar apardıqlarını bildirib. ABŞ, Almaniya, Yaponiya, Polşa və Belçika kimi ölkələrin bu təşəbbüsdə iştirak etmək istədiklərini qeyd edib.
Ayşən Azadova
Medianews.az