Eskpertlər hesab edir ki, diasporumuz da öz məsuliyyətini hiss edərək erməni lobisinə öz gücünü göstərməlidir
XIX əsrin sonlarında ermənilər tərəfindən terror təşkilatı kimi yaradılan “Daşnaksütyun” özünün “məramnaməsində” hədəfinin türklər olduğu açıq şəkildə bəyan olunub. Həmin dövrdən bu yana ermənilər istər Türkiyə, istər Azərbaycan, istərsə də Orta Asiyada yaşayan türklərə qarşı terror həyata keçirib, kütləvi qətliamlar törədiblər. Əlbəttə ki, buna məqsəd türkləri yaşadıqları bölgələrdən uzaqlaşdırıb özlərinə “vətən” yaratmaq olub. Lakin heç şübhəsiz müxtəlif zamanlar onların qarşısı alınıb.
XX əsrdə isə “Daşnaksütyun”la yanaşı, ASALA adlı yeni bir terror təşkilatı yaradaraq türklər hədəfə çevrilib. 90-cı illərdən Azərbaycana qarşı torpaq iddiası ilə münaqişəni alovlandıran ermənilər məhz ASALA-nın iştirakı ilə Bakıda metropolitendə və digər dövlət əhəmiyyətli obyektlərdə terror hadisələri törədərək günahsız insanların həlak olmasına səbəb olublar. Bütövlükdə isə bu təşkilatlar Qərbdə diaspora kimi tanınır və bəslənilir. “Erməni diasporu” adı altında fəaliyyət göstərən bu qüvvələr heç şübhəsiz informasiya müharibəsində də təşəbbüsü ələ almağa çalışıblar. 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsindən sonra erməni diasporu öz təsir imkanlarını maksimum həddə çatdırdı. Müxtəlif ölkələrdə biz bunun şahidi olduq. Bəs bundan sonra erməni diasporundan gözlənilən təhlükələr varmı?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirdi ki, tarixən ermənilər azərbaycanlılara qarşı düşmən mövqeyində olublar: “Onlar bu düşmənçiliklərini açıq şəkildə; işğalçılıq siyasəti, terror, təcavüzkarlıq, qəsbkarlıq, təxribatçılıq, soyqırımıların törədilməsi və s. ilə nümayiş etdiriblər. İki əsrdən çox ermənilərin Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Və bu fəaliyyətlər hazırda da davam edir. Erməni lobbisi də bu mövqedədir. Azərbaycan və azərbaycanlılara qarşı düşmənçilik siyasəti onlarda artıq bir ideya olaraq formalaşıb. Bu mənada erməni diasporundan hər zaman təhlükə gözləniləndir.
Müxtəlif zamanlarda xarici ölkələrdə əllərinə düşən fürsətlərdən istifadə edərək anti-Azərbaycan fəaliyyəti göstəriblər. Vətən müharibəsi günlərində biz erməni lobbisinin bu fəaliyyətinin aktivləşdiyini müşahidə etdik. Azərbaycan dövlətinin qazandığı tarixi Qələbə, Ermənistanın kapituliyasıyası erməni lobbisində aqressiya yaratdı. Məhz Vətən müharibəsindən sonra erməni lobbisi Azərbaycan və Türkiyəyə qarşı daha aqressiv şəkildə heç bir sivil qaydalara sığmayan şəkildə fəaliyyətə başladılar. Bu fəaliyyət, əlbəttə ki, erməni lobbisinin mərkəzi olan Amerikanın Erməni Milli Komitəsi (ANCA) tərəfindən kampaniya şəklində aparılırdı. Onlar bu aqressiyalarını soydaşlarımıza qarşı etdikləri hücümlar, təxribatlarla açıq şəkildə göstərdilər. Əslində, Ermənistanın məğlubiyyəti erməni lobbisini utanc vəziyyətinə saldı. Onlar bu məğlubiyyəti həzm edə bilmirdilər. Azərbaycan Ordusunun zərbələri, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi erməni mifini də darmadağın etdi. Buna görə də ermənilər təxribatçılıq, terror, qaragüruh addımlar atmağa başladılar”.
F.Hüseynzadə qeyd etdi ki, müharibədən sonra ermənilər xaricdəki soydaşlarımıza qarşı təhdidləri gücləndirdilər, hətta onların ictimai fəaliyyətlərinə mane olmağa çalışdılar: “Bununla yanaşı, külli miqdarda maliyyə xərcləyərək dünya mediasında Azərbaycanla bağlı dezinformasiya yaydılar. Son zamanlar isə gördüyümüz kimi, radikal fəaliyyətlərini müxtəlif formalarda həyata keçirirlər. Əsasən xaricdə səfirliklərimizə, mədəniyyət evlərinə hücumlar edib təxribatlar törədirlər. Bu baxımdan “Daşnaksütyun” partiyasının və ASALA-nın ideoloji tərəfdaşları və davamçıları daha fəallıq göstərirlər. Erməni lobbisi, hətta bir çox dövlətlərin Azərbaycana qarşı siyasət yürütməsinə belə, təsir göstərirlər. Fransa Senatının Azərbaycanın əleyhinə qəbul etdiyi qərarda da erməni lobbisinin əli var. İki soyqırımı törədən xalq və dövlət o qədər mehribandırlar ki, Prezident İlham Əliyevin dediyi kimi, hətta onlar bir-birlərinə bacı deyirlər. Erməni lobbisinə belə “bacı”lıq edən bir çox dövlətlər və beynəlxalq təşkilatlar var. Buna görədir ki, Azərbaycana qarşı davamlı olaraq ikili yanaşma sərgilənir. Lakin Azərbaycan dövləti Vətən müharibəsində qazandığı şanlı Zəfər ilə öz gücünü və mövqeyini bir daha göstərdi. Bununla erməni lobbisinin və onların havadarlarının bütün planları alt-üst oldu.
İndi növbə Azərbaycan diasporunundur. Diasporumuz da öz məsuliyyətini hiss edərək erməni lobisinə öz gücünü göstərməlidir. Xaricdəki soydaşlarımızın ideoloji və milli birliyi daha da güclənməlidir. Görüntüyə hesablanan fəaliyyət göstərməməli, planlı şəkildə əməli addımlar atılmalı, effektiv nəticəsi olan işlər görülməlidir. Erməni lobbisinə qarşı yaxın və uzunmüddətli planlar hazırlanaraq platforma ortaya qoyulmalıdır”.
Araşdırmaçı jurnalist Əli Zülüfqaroğlu bildirdi ki, bu gün əvvəlki dönəmlərlə müqayisədə dünya azərbaycanlılarının daha çox birliyə, həmrəyliyə ehtiyacı var. O, bildirib ki, geosiyasi reallılqar elədir ki, Azərbaycana qarşı təhdidlər getdikcə artır: “Bir müddət öncə Fransada və ABŞ-da Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlar təsdüfi deyildi. Bu erməni lobbisinin ASALA sifətinin təzahürüdür. Yəni HDP ilə PKK arasındakı fərq nədirsə, erməni lobbisi ilə ASALA arasındakı fərq də ondan ibarətdir. Yaxın keçmişdə ASALA türkiyəli diplomatları qətlə yetirirdi. Amma onlara qarşı Türkiyə dövlətinə bağlı fəadailər mübarizə apardı və onun rəhbərləri dünyanın müxtəlif yerlərində tək-tək məhv edildi. Amma bəzi fikirlərə görə, ASALA bununla ortadan qaldırılmadı. Sadəcə olaraq diaspor müstəvisində fəaliyyət göstərməyə başladılar”.
Ə.Zülfüqaroğlu vurğuladı ki, ASALA-nın yoxa çıxması 1991-ci ilə təsadüf edir: “O zaman geosiyasi reallıqlar Ermənistan üçün yeni perpsektivlər açırdı ki, bunun nəticəsi olaraq torpaqlarımız işğal olunmuşdu. Yəni, terroru Ermənistan dövləti öz üzərinə götürdüyü üçün ASALA-nın fəaliyyətinə ehtiyac duyulmurdu. Amma indi Azərbaycan dövləti geosiyasi böhranı öz lehinə dəyişməyi bacarıb. Ermənistan və bütövlükdə ermənilər rüsvayçı məğlubiyyətlə üzləşiblər. Ermənistanın Azərbaycanla sülhə getməkdən başqa alternativi yoxdur. Bu isə erməni lobbsinin ideologiyasına ziddir. Buna görə də ASALA-nın yenidən xortlamasına təəccüblənməməmliyik. Düşünürəm ki, bu baxımdan əvvəlki dönəmlərdən fərlqi olaraq həm daxildə, həm da xaricdə milli birliyə və aktiv fəaliyyətə ehtiyac var”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.
Zəfər
Medianews.az