Fransa Senatının Azərbaycan əleyhinə çıxarılan qərarına etirazlar böyüməkdədir.
Publika.az xəbər verir ki, bu barədə açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər fransızlardan belə bir qərarın sürpriz olmadığını göstərib:
“Əslində, Fransanın hər hansı səviyyədə Azərbaycan əleyhinə atdığı addımlarda, qəbul etdiyi qərarlarda bizi təəccübləndirəcək heç bir gözlənilməzlik yoxdur. Fransa istər artıq mövcudluğuna son qoyulmuş ATƏT-in Minsk qrupunun həmsədri kimi, istərsə də aparıcı dövlətlərdən biri olaraq hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Açıq desək, Fransanın Azərbaycana qarşı mövqe tutmasını sırf ermənipırıstliklə əlaqələndirmək də doğru olmazdı. Məsələ tarixi kontekstdən yanaşsaq görərik ki, ən azı son yüzillikdə, xüsusilə, tarixin zibilliyinə atılmış bədnam Sevr müqaviləsinin ardınca Fransa birmənalı şəkildə Türkiyənin, müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycanın əleyhinə siyasət yürütməkdədir. Erməni diasporunun, lobbisinin güc və imkanlarına rəğmən, Fransanın siyasətində yer tutan “erməni elementi”nin yardımçı xarakter daşıdığını, əsasən Türkiyə ilə Azərbaycana istifadəyə “yaradığını” söyləmək mümkündür”.
Aqil Ələsgər Fransanın ATƏT üzvü olaraq da davamlı olaraq təcavüzkar Ermənistanın yanında olduğunu bildirib: “Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu dönəmdə vasitəçi olaraq öz tərəfsizliyini saxlamaq məcburiyyətində olduğu halda, dəfələrlə işğalçı Ermənistanı dəstəkləyən mövqe sərgiləyib. Hətta beynəlxalq hüququn əsas prinsipləri sırasında öndə gələn sərhədlərin toxunulmazlığı prinsipinə hörmətsizlik göstərərək Azərbaycanın işğal faktı ilə barışması üçün rəsmi Bakıya aramsız təzyiqlər göstərilməsində fəal iştirakçı olub. Ümumiyyətlə, Fransanın Birinci və İkinci dünya müharibələrindən sonra yürütdüyü siyasətdə obyektiv və ədalətli çalar tapmaq demək olar ki, mümkün deyil. Fransanın Əlcəzair və digər keçmiş müstəmləkələrində törətdiyi, milyonlarla insanın qətl edildiyi soyqırımları insanlıq adına böyük ləkədir. Amma bu ölkə yürütdüyü qəbuledlməz siyasətlə həmin ləkələrin təmizlənməsinə yox, sanki onların daha da tündləşməsinə çalışır. Belə bir reputasiyaya malik olan ölkədən Azərbaycana münasibətdə obyektivlik gözləməyə dəyməz”.
A.Ələsgərin fikrincə, Qarabağ zəfəri İrəvandan çox Parisi narahat edib: “Qeyd etmək lazımdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı parlaq zəfər, deyəsən, İrəvandakılardan çox Parisdəkiləri narahat edib. Çünki müharibənin yekunlaşdığı bu iki ildə Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə absurd sənədlər qəbul olunub. Fransa Senatının ötən gün qəbul etdiyi antiAzərbaycan qətnamə isə Parisin artıq bütün ölçüləri itirdiyinin bariz göstəricisidir. Bununla belə, Azərbaycanın gücləndiyi, müttəfiqimiz Türkiyənin isə qlobal və regional siyasətdə söz sahibinə çevrildiyi bir dönəmdə belə qətnamələr “kağız parçası”ndan başqa bir şey deyil. Ancaq bütün hallarda Fransaya etirazımızı ən sərt formada bildirərək, Parisdə ağılları başlara qaytaracaq cavab addımları atmalıyıq. Azərbaycan cəmiyyəti də Fransanın bu həyasızlığına tutarlı qarşılıq verilməsinin tərəfdarıdır”.