Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin qaliblərini Apreldə elan etmişdi. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edirdi. Lakin müsabiqədən aylar keçməsinə baxmayaraq nazirlik qaliblərin ödənişini etmir.
Məsələ ilə bağlı gənc rejissor və ssenaristlər Medianews.az-a müraciət etdilər. Onlar qeyd etdilər ki, aprel ayından bir neçə ay keçməsinə baxmayaraq qaliblərə heç bir ödəniş olunmayıb.
“Ölü Həsən” layihəsinin rejissoru və ssenaristi Türkan Hüseyn bildirdi ki, apreldə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqənin qaliblərindən olsa da bu zamana qədər onlara heç bir ödəniş edilməyib:
“Bu zamana qədər heç bir ödəniş olunmayıb ki, heç olmasa filmin hazırlıq prosesinə başlayaq. Bu da işimizi ləngidir. Tək mənim deyil, digər qaliblərin də pulları ödənməyib. Sözügedən layihədə təkcə məsələ rejissorlara aid deyil, burada həm də gənc prodüserlər, ssenaristlər, aktyorlar iştirak edir.
Bu layihə hər kəsə Azərbaycan kinosunda yeni səhifə açmaq üçün bir şans idi. Biz hələ də gözləyirik, bununla bağlı heç bir cavab ala bilmirik”.
Qaliblər sırasında yer alan Azər Allahverdiyev bildirdi ki, layihəyə “Uçurum”adlı ssenarini təqdim edib:
“Qaliblər açıqlandıqdan sonra bizdən müəyyən sənədlər tələb olundu. Biz o sənədləri hazırladıq və Mədəniyyət Nazirliyinə təqdim etdik, amma nə qədər gözləsək də, qarşı tərəf ödənişi etmədi. Yəni uzun müddət sənədlərin düzgün olmadığı bəhanəsini gətirdilər. Biz bütün sənədləri incəlikləri ilə tərtib etdikdən sonra hamısını yenidən təqdim etdik. Bundan sonra belə heç bir səbəb demədən ödənişlər təqdim olunmadı. Sual verdikdə isə düzgün cavab verməkdən, açıqlama etməkdən boyun qaçırdılar. Artıq noyabrdır, biz martdan bu günə kimi gözləyirik… Bu məsələyə görə artıq bizim başqa planlarımızda təxirə düşüb. Çünki bəzi planlar buradan gələn maliyyə üzərinə qurulmuşdu. Hələ yolun başlanğıcında belə vəziyyətlə üz-üzə gəlmək təbii ki, xoş deyil və motivasiyamızı öldürür. Xüsusilə də Mədəniyyət Nazirliyi ilə işləmək çox çətindir. Bununla bağlı bizə heç bir məlmat verilmir. Artıq ümidlərimiz də ölməyə başlayıb.
Ssenarist Nicat Dadaşov isə bildirdi ki, Martda keçirilən müsabiqənin qalibləri Aprel ayında elan edildi:
“Müsabiqənin toplam büdcəsi 300.000 manat idi. Bu 300.000 manatı necə böləcəkləri ilə bağlı sistematik xəbər yox idi. Ancaq bu 7 nəfər arasında bölüşmək nəzərdə tutulmuşdu. İndi məsələ budur ki, artıq müsabiqədən 7 ay keçib. Hardasa 1 ilə yaxındır ki, müsabiqə elan edilib və heç bir cavab yoxdur. Deyirlər ki, gözləyin artıq il bitir. Nazirlik bir illik büdcə təyin edir. Bizim narahatçılığımız bununla bağlıdır ki, bizim ödənişlər nə zaman olacaq? Çünki biz bu filmləri istehsal etmək istəyirik. Mühüm mövzulara toxunmuşuq, 2-ci Qarabağ müharibəsi mövzularıdır, məncə kütlə bu filmləri görməlidir. Ona görə də narahatçılığımız nazirliyin bizə dəqiq vaxt deməsi, 7 ay gecikmənin səbəbinin nə olması ümumiyyətlə bu prosesə aydınlıq gəlməsidir”.
Ayşən Azadova
Medianews.az