“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər üçün narkomaniyaya və tütünə yox deyək!” maarifləndirmə kampaniyalarının aparılması” layihəsi çərçivəsində Şirvan və İmişli şəhərində növbəti seminarlar keçirib.
İctimai birlikdən Medianews.az-a verilən məlumata görə, seminarlarda ekspertlər, yerli icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Seminarlarda qeyd edilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və tütün aludəçiliyidir. Narkomaniya və tütün təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadi durumuna ciddi zərbə vurur. Cinayətkarlığın artmasına və mütəşəkkilləşməsinə yol açır.
Bildirilib ki, dünyada milyonlarla, ölkəmizdə minlərlə insan (xüsusilə gənclər) bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Baxmayaraq ki, son illərdə ölkəmizin güc strukturları, xüsusilə Daxili İşlər Nazirliyi tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlər görülür. Lakin təəssüflə vurğulanıb ki, problem ölkəmizdə genişlənir. Məhz bu kimi səbəblərdən narkomaniya ilə mübarizə dövlətimizlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da əsas prioritet vəzifələrindən biri olmalıdır.
Xatırladaq ki, Füzuli, Beyləqan, Biləsuvar, Şirvan və İmişli rayonlarını əhatə edən layihədə ümumilikdə 500 nəfərə yaxın gənc iştirak edib.