Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammiti çərçivəsində verdiyi açıqlamada Ukraynanın qeyri-real şərtlərlə danışıqlar prosesini uzatdığını bildirib. BMT-nin baş katibi Antonio Quterreşlə görüşünə toxunan Lavrov ABŞ və Aİ-nin Rusiya taxıl və gübrələri üçün zəmanət verdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Sammitindən sonra jurnalistlərə açıqlama verib.
Lavrov Rusiyanın G20-dəki mövqeyi, Qərb ölkələrinin Rusiyaya qarşı siyasətləri, Ukrayna böhranı, noyabrın 19-da başa çatacaq taxıl müqaviləsi və onun uzadılması üçün danışıqların hələ də davam etdiyi barədə danışıb. Lavrov Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya açılması ilə yanaşı, Rusiya taxılının və gübrəsinin də eyni müqavilə çərçivəsində dünyaya satılmasının ölkəsinə tətbiq etdiyi məhdudiyyətlər səbəbilə qeyri-mümkün hala gəldiyini bildirib. Bu problemi həll etmək üçün BMT tərəfi ilə danışıqlar aparılmalıdır. İstanbulda imzalanan müqavilənin yenilənməsinin mövcud problemlərin Moskvanı qane edəcək şəkildə həllindən asılı olduğunu deyən Lavrov məsələ ilə bağlı G20 sammitində BMT-nin baş katibi Antonio Quterreşlə ikitərəfli görüş keçirdiyini bildirib.
“Bugünkü görüşdə BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Aİ-nin ona verdiyi vədləri yazılı şəkildə izah etdi. Əgər onlar həyata keçirilərsə, gübrə və taxılımızın ixracı qarşısındakı maneələr aradan qaldırılacaq. BMT-nin baş katibi məni əmin etdi ki, bu öhdəliklərin yerinə yetirilməsi onun üçün prioritetdir”, – Lavrov bildirib.
Lavrov əlavə edib ki, Quterreş Ukrayna böhranında obyektiv mövqe tutmalıdır.
Yusif Ziya
Medianews