Kremlin sözçüsü Dmitriy Peskov taxıl müqaviləsi ilə bağlı verdiyi açıqlamada, “Taxıl müqaviləsinin uzadılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə konstruktiv danışıqlar aparılıb” dedi.
Kremlin Mətbuat katibi Dmitri Peskov Rusiya mətbuatına gündəmlə bağlı mühüm açıqlamalar verib. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits arasında keçən həftə Cenevrədə aparılan taxıl sazişi ilə bağlı danışıqları şərh edən Peskov, “Sazişin uzadılması üçün daha bir həftəmiz var. Sazişin əvvəlindən bizim bütün maddələri həyata keçirmək istəyimiz var idi və keçən həftə BMT ilə çox konstruktiv danışıqlar aparıldı” deyə bildirib.
Böyük Britaniyanın baş naziri Rişi Sunakın Moskvanın dünyaya ərzaq tədarükünü əngəllədiyi və ondan silah kimi istifadə etdiyi barədə açıqlamalarına cavab verən Peskov, “Bu, kökündən yanlışdır. Rusiya dünya ərzaq bazarına müdaxilə etmir. Rusiya taxıl müqaviləsində maraqlıdır” deyib.
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ordusunun geri çəkildiyi Ukraynanın Xerson şəhərinə səfərinin “təxribat” kimi qiymətləndirilib-görülməməsi ilə bağlı suala Peskov, “Bu torpaqların Rusiya Federasiyasının ərazisi olduğunu bilirsiniz. Bu suala cavab vermək istəmirəm” deyib.
Rusiya kəşfiyyatının xəbərlərinə görə Ukraynanın Rusiyanın bir çox şəhərində terror aktı həyata keçirəcəyi ilə bağlı iddialara münasibət bildirən Peskov, Rusiya bölgələrində təhlükəsizlik tədbirlərini artırdıqlarını ifadə edərək, “Koordinasiya şurası çərçivəsində regionlar sistemli və məqsədyönlü araşdırmalar aparır. Bu şuraya Moskva meri Sergey Sobyanin rəhbərlik edir. Lazımi tədbirlər görülür” deyə vurğulayıb.