“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”.
Bu sözləri noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan İlham Əliyev biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyimizi əlavə edib.
Mövzu ilə bağlı Medianews.az-a danışan millət vəkilləri hər zaman soydaşlarımızın yanında olacağımızı və hər cür dəstək göstərəcəyimizi bildirdilər.
Millət vəkili Arzu Nağıyev soydaşlarımızın yanında olacağımızın vacibliyini vurğuladı: “Ola bilsin diaspora səviyyəsində digər istiqamətdə müəyyən addımlar atılır. Lakin, məsələn, İran kimi dövlətlərdə azərbaycanlıların öz dilində çıxan hər hansı bir qəzet, Kütləvi İnformasiya məktəbləri yoxdur. Bu isə mütəmadi olaraq gələcəkdə inkişafa mane olur. Dilin qorunub saxlanılması ona görə önəmlidir ki, biz tariximizi, mədəniyyətimizi, ənənələrimizi unutmayaq. Bu istiqamətdə ciddi addımlar atılır. Ona görə də düşünürəm ki, cənab Prezidentin, Ali Baş Komandanımızın verdiyi bu bəyanat çox mühüm bir bəyanatdır. Çünki bu gün xarici ölkələrdə milyonlarla azərbaycanlı yaşayır. İstər Gürcüstan, istər Rusiya, istər ABŞ, istər Avropa, istər Çin. Bu sahədə ciddi addımlar atılmalıdır. Azərbaycan olaraq biz həmin soydaşlarımızın yanındayıq. Söhbət burada dilin, mədəniyyətin, məktəblərin inkişafından gedir. Eyni zamanda, gələcəkdə hüquq və azadlıqlarının təhlükəsizliyinin təmin edilməsi üçün ciddi bir addıma çevrilən məsələdir. Bu istiqamətdə də Azərbaycan dövləti qarşıya qoyulan məqsədə çatacaq və bunu bütün azərbaycanlılar bir tezis kimi qəbul etməlidir”.
Millət vəkili Ceyhun Məmmədov soydaşlarımızın hüquqlarının pozulmasına biganə qala bilməyəcəyimizi vurğuladı:
“Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bir çox məsələlərə toxunub. O qeyd edib ki, Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Prezident əlavə edib ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan İlham Əliyev bildirib: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik”.
Ceyhun Məmmədov bildirdi ki, Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatlarının Zirvə görüşündə vacib məsələlərə toxundu: “Cənab Prezident dünyada yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələni də çatdırdı. Təəssüflə qeyd etmək lazımdır ki, İranda yaşayan azərbaycanlıların təhsil hüququ kobud şəkildə pozulur. Bu ölkədə 40 milyona yaxın azərbaycanlının yaşamasına baxmayaraq, onların ana dilində təhsil almaq hüquqları əllərindən tamamilə alınıb. Yəni, bu gün orada yaşayan soydaşlarımız öz ana dilində təhsil ala bilmirlər, orta məktəblər mövcud deyil. Amma bu gün biz görürük ki, İranda elə də sayları çox olmayan ermənilərin təhsil hüquqları təmin olunub. Orada ermənilərin bağçaları, məktəbləri, mədəniyyət mərkəzləri tam sərbəst fəaliyyət göstərir. Lakin biz bunu İranda yaşayan soydaşlarımızla bağlı görmürük”.
Deputat qeyd etdi ki, Azərbaycan soydaşlarımızın hüquqlarının pozulmasına biganə qala bilməz: “Dövlət başçısının bu məsələyə öz kəskin münasibətini və reaksiyasını gördük. Azərbaycan xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində öz lazımi addımlarını atacaq. Hesab edirəm ki, Azərbaycanın haqlı tələblərini nəzərə alaraq İran hökuməti tərəfindən soydaşlarımızın hüquqları təmin olunmalıdır. Eləcə də soydaşlarımızın təhsil hüququ təmin edilməlidir ki, onların da ana dilində bağçaları, məktəbləri və mədəniyyət mərkəzləri olsun”.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.