İranda təxminən 2 ay əvvəl Məhsa Eminin ölümündən sonra başlayan küçə nümayişlərinə qatılan etirazçılardan bəziləri edam cəzası ilə mühakimə olunur.
Medianews.az xəbər verir ki, məcburi hicab və əxlaq polisinə reaksiya olaraq başlayan nümayişlər qısa zamanda rejim əleyhinə etiraz olaraq bütün ölkəyə yayıldı. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yüzlərlə insan ölüb, minlərlə insan yaralanıb. 40-a yaxın polisin həyatını itirdiyi nümayişlər zamanı 10 mindən çox adamın saxlanıldığı bildirilir.
Oktyabrın 31-də verdiyi açıqlamada Tehranın baş hakimi Əli əl-Kasi Mihr bildirib ki, son hadisələrdə təkcə paytaxt Tehranda təxribatçı hərəkətlər törətmək, hücumla yaralanma və ya ölümə səbəb olmaq kimi ağır cinayətlərlə bağlı minə yaxın ittiham aktı hazırlanıb.
“Üsyan liderləri” kimi qələmə verilən və nəzarətə alınan nümayişçilərdən bəziləri “silahsız insanlara hücum etmək, milli təhlükəsizliyə təhlükə törədərək qorxu və terror yaratmaq, ictimai asayişi pozmaq və yer üzündə fəsad törətmək ittihamları ilə ölüm cəzası ilə mühakimə olunur.
Xatırladaq ki, ötən bazar günü İran parlamentində 227 millət vəkilinin imzası ilə “nümayişlərdə od və ya odlu silahdan istifadə edərək insanları öldürməyə cəhd edən və onların ölümünə səbəb olan şəxslərə” ölüm cəzasının tətbiq edilməsi təklifi ilə bağlı bəyanat dərc edilib.
Yusif Ziya
Medianews