ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqlara dair mövqeyini yumşaltmağa məcbur edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Noyabrın 8-də Zelenski Rusiya ilə sülh danışıqlarının bərpası üçün bir neçə şərt irəli sürüb. Bu şərtlərə Ukraynanın ərazi bütövlüyünün bərpası və bütün zərərlərin ödənilməsi də daxildir.
Bundan əvvəl o, Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Moskva ilə dialoqa getməyəcəyini bildirib.
Mənbələrin məlumatına görə, bu addım Kiyev və Vaşinqton arasında bir neçə günlük danışıqlardan və ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanın Ukraynaya səfərindən sonra atılıb.
Bildirilir ki, ABŞ rəsmiləri Volodimir Zelenskiyə mövqeyini dəyişməyi birbaşa deməyiblər, lakin bildiriblər ki, Kiyev silahlı münaqişəni ağıllı və sülh yolu ilə dayandırmağa hazır olduğunu nümayiş etdirməlidir.
Qeyd edək ki, ötən həftə media Vaşinqtonun Kiyevi danışıqlara hazır olduğunu açıq şəkildə bəyan etməyə çağırdığını yazıb. Bundan sonra Ukrayna Prezidentinin ofisi bəyan edib ki, Rusiya qoşunları çıxarıldıqdan sonra dialoq mümkündür.