Ara-sıra məxfiliklə bağlı narahatlıqlara səbəb olan bu texnologiya indi Instagram-ın gündəminə düşüb. Üz tanıma texnologiyası şəhərlərin küçələrindən hava limanlarına, stadionlardan ictimai binalara kimi həyatın demək olar ki, hər sahəsində istifadə olunmağa başlayıb.
Medianews.az xəbər verir ki, platformada bot hesablarının sayının artmasından şikayətlənən Instagram, üz tanıma sistemi ilə istifadəçilərin real insan olub-olmadığını öyrənmək istəyir.
Yeni funksiya istifadəçilərdən üzlərinin hər tərəfini göstərən selfi videosu çəkməyi xahiş edir. Üzünü skan etməyənlərin hesablarına daxil olmasının qarşısı alınır.
Instagram istifadəçilərə video çəkərək yaşlarını yoxlamağa imkan verən funksiyanı Avropa Birliyi ölkələrinə və Böyük Britaniyaya gətirib. İstifadəçilər tərəfindən çəkilən videolar İngiltərədə yerləşən rəqəmsal şəxsiyyət startapı Yoti-nin yaş hesablama texnologiyası ilə təhlil ediləcək. Bu proqram üz aşkarlama texnologiyası deyil, sadəcə istifadəçinin yaşını təxmin edir.
Instagram istifadəçilər tərəfindən yerləşdirilən selfi videosunun üz tanıma və ya biometrik məlumatların toplanması üçün istifadə edilməyəcəyini açıqlayıb.
İnstaqramdan verilən məlumata görə, video İnstaqramda ümumiyyətlə görünməyəcək və 30 gün ərzində tamamilə silinəcək.
Bundan əlavə, sifətin tanınması ilə hesab doğrulama funksiyası yalnız şübhəli davranışı olan Instagram hesabları üçün əlçatan olacaq.
Yusif Ziya
Medanews