Ukraynada müharibə tam sürətlə davam edərkən “Wall Street Journal”ın iddiası bomba kimi dünyanın gündəminə düşüb.
Medianews.az xəbər verir ki, iddialara görə, qəzet ABŞ-ın “tam məxfi” görüşünü deşifrə edib.
Qəzet Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Potruşevlə görüşdüyünü yazıb.
WSJ görüşün Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq etmək və davam edən münaqişələrin eskalasiya riskini azaltmaq üçün keçirildiyini vurğulayıb. Ceyk Sallivanın Rusiya rəsmiləri ilə danışıqları haqqında WSJ-yə açıqlama verən ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara ümidli olmadığını bildirib.
Digər tərəfdən ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın Rusiya ilə görüşməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb. Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.
Medianews.az