“Türkiyənin Bursa şəhərində festivalda “Həyat deyəsən gözəldir” filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən fotodakı adam tərəfindən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyatı olmayan adamları yığıb apardı”.
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov sosial şəbəkədə yazıb. O bildirib ki, rol aldığı “Həyat deyəsən gözəldir” filminin Bursada keçirilən “Korkut ata” tammetrajlı bədii və sənədli filmlər festivalında nümayiş olunub, amma özü dəvət edilməyib. Aktyor Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun fotosunu yayımlayaraq bunları yazıb:
“Ətraf məsələsidir… 3 nəfərdən başqa ordakıların kinoya qətiyyən aidiyyatı yoxdur. İnanın ki, dəvət eləsəydilər belə getməyəcəkdim. Haqqım çatırdımı orda olmağa? Bəli, çatırdı. Fotodakı adam, səninlə üz -üzə oturub danışdıq və bu camiyənin hansı vəziyyətdə olduğunu dedim, əhəmiyyət vermədin. Şahidin adaşın və muavinin orada idi.
Yadındadırsa, səninlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm, üzürlü say. Bir saat söhbətdən sonra ayrılanda qucaqlaşdın, sənə sual etdim “xəstəliyin keçdi?”. Sənə son olaraq bunu dedim: bu, bizim son görüşümüzdür”.
H.Rəhimov bildirib ki, R.Həsənova ssenari aparıb, amma imtina cavabı alıb:
“Maddi durumum pis olanda ssenarimlə gəldim, dedim qəpik-quruş ver, bunu çəkim. Yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyatları yoxdur. Səndən mükafat, nə də fəxri ad istədim. Amma sənin gözlərində bir yolaverdi və laqeydlik var idi. Sona qalan qalib olur”.