Sultanov Nurlan Yaşar oğlu 31 may 1999-cu ildə Tovuz rayon Dönük Qırıqlı kəndində anadan olub. 2006-cı ildə Tovuz rayon Dönük Qırıqlı kənd məktəbində təhsil almağa başlayıb. 2015-ci ildə 9 illik təhsilini bitirərək aqronomluq kollecinə daxil olub. 2019-cu ildə kolleci bitirərək Ağstafa rayonuna hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il başlayan “Vətən müharibəsində” topçu kimi iştirak edib. Füzuli, Qubadlı, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının 2-si Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ayın 4-ü Tovuz rayonu Dönük Qırıqlı kəndində dəfn olunub.
Anası Rəna xanımın dediklərinə görə Nurlan sakit, mülayim, şən övlad olub. Nurlan daha çox anasına bağlı idi. Vətənini çox sevib. Əlifba bayramında bayrağı öpərək söz verib ki, Qarabağı düşmən işğalından azad edəcək. Uşaq olarkən anası otağından tank şəkli tapıb. Nurlandan şəkil haqda soruşanda o deyib ki, əsgər olub tank sürəcəm. Anasına döyüşdə olduğu haqda heç nə deməyib. Səngərdə yemək payladığını söyləyərək anasını sakitləşdirməyə çalışıb. Rəna xanım Nurlanın döyüşdə olduğunu ölümündən 1 gün öncə öyrənib. Öldüyü gün anasıyla telefonla danışıb. Anasına ondan narahat olmamağını istəyib. Ona zəng vurmamasını, 2 gündən sonra özünün anasını tapacağını söyləyib. Anası Nurlanın şəhid olduğunu yuxusunda görüb.
Əsgər dostları Nurlanı çox mərd insan kimi tanıyıb. Döyüş yoldaşlarının dediyinə görə hər zaman döyüşdə olarkən əsgər yoldaşlarını düşünüb. Onlara düşmən postuna girərək müxtəlif şirniyyatlar gətirib. Şəhid olmamışdan öncə yoldaşlarına şəhid olacağını söyləyib. Şəhid olduqdan sonra şəklinin evin yanından asılmasını, yanında da bayraq ucaltmaqlarını istəyib. Nurlan şəhid olduqdan sonra dostları onun bu istəyini həyata keçirib.
Ölümündən sonra “Cəsur döyüşçü” , “Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Nəzrin Vüsal
Medianews.az