Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət Təşkilatı (UNESCO) “Dünya İrsi Buzlaqları” adlı hesabat dərc edib.
Medianews.az bu barədə Euronews-a istinadən xəbər verir ki, peyk məlumatlarının araşdırılması ilə hazırlanan hesabatda iqlim dəyişikliyinin başlanğıcı kimi qəbul edilən buzlaqların əriməsi müzakirə edilib.
Hesabatda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan 50 ərazidə 18 min 600 buzlaq olduğu və onların üçdə birinin 30 il ərzində qaçılmaz olaraq yox olacağı bildirilib.
Hesabatda insanların iqlim dəyişikliyi ilə mübarizəsindən asılı olmayaraq, buzlaqların əriyəcəyi, Afrika, Avropa və Amerikada bəzi buzlaqlardan əsər-əlamətin qalmayacağı bildirilib.
Hesabatda Afrikanın ən hündür dağı Tanzaniyadakı Kilimancaro, İsveçrə Alpları, İtaliyadakı Dolomitlər və ABŞ-dakı Yellowstone Milli Parkı və Yosemit Milli Parkındakı buzlaqlar 2050-ci ilə qədər əriyəcək buzlaqlar sırasındadır.
“Buzlaqlar sürətlə əridikcə, milyonlarla insan su çatışmazlığı və daşqın kimi təbii fəlakətlər riski ilə üzləşə bilər, milyonlarla insan isə dəniz səviyyəsinin qalxması səbəbindən evlərini tərk edə bilər”, – hesabatda vurğulanır.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) baş direktoru Bruno Oberle “Bu tədqiqat istixana qazları emissiyalarının azaldılmasına və iqlim dəyişikliyinin azaldılmasına töhfə verə biləcək və insanların onun təsirlərinə daha yaxşı uyğunlaşmasına imkan yaradan təbiətə əsaslanan həllərə sərmayə qoyulmasına təcili ehtiyac olduğunu nümayiş etdirir” deyə bildirib.
Hesabatda qeyd olunub ki, hazırda hər il 58 milyard ton buz itirilir ki, bu da Fransa və İspaniyanın birgə illik su istifadəsinə bərabərdir.
Vurğulanıb ki, YUNESKO-nun siyahının qalan üçdə ikisini hələ də xilas etmək mümkündür, lakin bu, yalnız iqlim dəyişikliyi ilə mübarizə ilə mümkün olacaq.
YUNESKO karbon emissiyalarını azaltmaqla yanaşı, buzlaqların monitorinqi və mühafizəsi üçün beynəlxalq fondun yaradılmasını da tələb edib. Bildirilib ki, sözügedən fond hərtərəfli tədqiqatları dəstəkləyəcək, üzv ölkələr arasında mübadilə şəbəkələrini təşviq edəcək, həmçinin erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması tədbirlərini həyata keçirə bilər.
Yusif Ziya
Medianews