Bu gün Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür.
Q.Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayan jurnalist 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı olub. Q.Məhərrəmli 2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin edilib.
Uzun illər AzTV-də müxtəlif vəzifələrdə çalışan Q.Məhərrəmli 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də isə AzTV-ni tərk edib.
Jurnalist 2007-ci ilin oktyabrın 3-dən “Xəzər” TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında “Xəzər” TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb.
Hər nə qədər zahirən 67 yaşında biri kimi görünməsə də, Qulu müəllim xarakterinə görə ağsaqqal mövqeyinə çoxdan sahib olub.
Özünəməxsus yumoru, ziyalı işığı ilə bütövlükdə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanan Qulu müəllim ömrü boyu şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb, əxlaqi baxımdan da yüksəkdə dayanan dəyərlərə tapınıb. Biz də Medianews.az kollektivi adından Qulu Məhərrəmlini təbrik edir, ona can sağlığı arzulayırıq.