Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, prezident Aleksandr Vuçiç Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olmaq” əmrini verib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, serbiyalı nazir Vuçeviç bu barədə yerli televiziya kanalında ölkəsi ilə Kosovo arasındakı problemlərə dair açıqlamalar verib.
“Vuçiç orduya hazır olmağı əmr etdi. Ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir”, – Vuçeviç bildirib.
Serbiyanın ciddi ölkə olduğunu və bu səbəbdən heç kimin “müharibə oyunları” oynamaması lazım olduğunu bildirən Vuçeviç ölkəsinin dialoq tərəfdarı olduğunu vurğulayıb.
Vuçeviç bəyan edib ki, ordu eyni zamanda Ali Baş Komandan olan Vuçiçin əmri ilə “Kosovo və Serbiyadakı serbləri qorumaq üçün istənilən əmri yerinə yetirməyə hazırdır”.
Ölkəsinin sülh və sabitliyə dəstək verməsinin “zəiflik və qorxaqlıq” kimi qiymətləndirilməməsi lazım olduğunu qeyd edən serb nazir ölkə ordusunun “əvvəlkindən daha güclü” olduğunu qeyd edib.
Qeyd edək ki, iyulun sonunda Kosovo hökuməti Serbiyaya qarşılıq prinsipinə uyğun olaraq, “Kosovoya Serb şəxsiyyət vəsiqəsi ilə daxil olan/çıxan şəxslərə müvəqqəti bəyannamə blanklarının verilməsi” və “Serbiya hakimiyyəti tərəfindən Kosovodakı serblərə verilən nömrələrin dəyişdirilməsi” ‘RKS’ (Kosovo Respublikası) lövhələrinə” müvafiq qərarların qüvvəyə minəcəyini açıqlayıb.
Kosovodakı serblər buna reaksiya verərək, ölkənin şimalındakı sərhəd keçidlərini bağlayıb və ölkədə gərginlik artıb. Kosovo hökuməti Serbiya ilə sərhəd qapılarına gedən yollara qurulan bütün barrikadaların götürülməsi şərti ilə böhrana səbəb olan tətbiqi sentyabrın 1-nə qədər təxirə salmaq qərarına gəlib.
Nəhayət, Kosovo tərəfi “qanunsuz” adlandırdıqları nömrələrin yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayına təxirə salındığını, bu nəqliyyat vasitələrinin sahiblərinə əvvəlcə xəbərdarlıq ediləcəyini, sonra cərimələnəcəyini, nəhayət, sınaq nömrələrinin veriləcəyini açıqlayıb.
Yusif Ziya
Medianews