“Xankəndidəki separatçı-terrorçuların keçirdiyi mitinq Qarabağda 1988-ci ildə başlanan “etnik münaqişə” ssenarisinin təkrarlamaq planından xəbər verir. 44 günlük müharibədən sonra orada keçirilən mitinqlərdə kifayət qədər az adam iştirak edirdi, bu mitinqdə bir qədər çox olması da ssenarinin tərkib hissəsidir”.
Bu fikirləri Medianews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, rus sülhməramlılarının nəzarətində olan ərazilərdəki bütün erməniləri küçəyə çıxarıblar, o cümlədən, Ermənistandan iştirakçı gətirilməsi də istisna deyil. Bununla separatçılar Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini nümayiş etdirmək cəhdi etdilər. Hətta 88-ci ildə separatizm başlananda irəli sürdükləri “öz müqəddəratını təyin etmək ekstremizm deyil” şüarını da təkrarladılar.
Siyasi şərhçi qeyd edib ki, bu mitinqin indi keçirilməsi təsadüfi deyil: ” Çünki Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasında Qarabağ məsələsi tamamilə gündəmdən çıxarılıb. Separatçılar “mitinqlə” mövcudluqlarını qorumağa çalışırlar. Mitinqin sonunda Rusiyaya müraciət etmələri əslində bu ssenarinin arxasında Moskvanın dayandığını təsdiq edir. Rusiyanın hədəfi bölgədə qalma müddətini uzatmaqdır. Bakı və İrəvan sülh müqaviləsi imzaladıqdan sonra Qarabağdakı separatçı-terrorçuların təmizlənməsi aktuallaşacaq. Azərbaycan Qarabağdakı erməni vətəndaşları ilə qeyri-formal təmasları davam etdirmək niyyətindədir. Bu, o deməkdir ki, separatçılarla erməni əhalisi ayrılır və ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunur. Bu da təbii ki, birgəyaşayış imkanlarını artırır. Hadisələrin bu istiqamətdə mümkün inkişafı Rusiya sülhməramlılarının bölgədə qalması ehtiyacını da aradan qaldırır. Bu baxımdan, Rusiya erməniləri küçəyə çıxardaraq, Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini və özünün varlığına ehtiyacın olduğunu göstərir”.
A.Nərimqnlının fikrincə, bütün bu oyunların nəticəsiz qalacaq: “Çünki nə 90-cı illərdir, nə Azərbaycan həmin dövlətdir, nə də Rusiya güclüdür. Bütün beynəlxalq şərtlər Azərbaycanın gündəliyinə uyğundur. Rəsmi Bakı heç bir statusun verilməyəcəyini bəyan edib və bu mövqeyində israrlıdır. Qarabağ məsələsi bütün müzakirə masalarından çıxarılıb. Qarşıdakı dövrdə Qarabağda müəyyən adekvat addımlar atıla bilər”.
Zəfər