“Müğənnilər asan şeylərə tez qaçırlar”
“Bizim sənətimiz elədir ki, istedad olmalıdır. Özü də fitri istedadın. Amma bununla belə mütləq şəkildə təhsil də almalısan. Təhsil olmayanda bu sənət yarımçıq olur. Bir də var deyir ki, mən özüm oxuyuram, ona baxır, buna baxır, təbliğ edir. Təbii ki, orada naşılıq çox olacaq. Müğənnilər, sənətçilər asan şeylərə tez qaçırlar. Müəyyən pillələri keçməlidir, amma o istəyir ki, tez məşhur olsun, tez pul qazansın. Elə bir mahnı götürür, orasını-burasını düzəldir, o da sənət dilində desən “tutur””
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuz Səxavət deyib. O daha sonra əlavə edib.
“2015-ci ildən etibarən muğama, milli musiqimizə dövlət tərəfindən böyük təkan var. Gələcəyimiz istedadlı xanəndələrin əlindədir. Mən buna inanıram. Sadəcə olaraq o gənclərə də istiqaməti düzgün vermək lazımdır. Bu da bizim üzərimizə düşür” deyə xanəndə bildirib.
Xanəndə qardaşı Səxavət Məmmədovdan da danışıb.
“Bu insan oxumaqdan qorxmurdu. Sənətkar var ki, bir az xəstə olan kimi oxumaqdan qaçır. Ayın 30 günü toylarda olurdu. Dostu-tanışı toy danışmağa gələndə heç vaxt deməzdi ki, yorulmuşam, qoy dincəlim. Deyirdi ki, yaxşı gəlirəm. Səsi bəzən işləmirdi də. Amma oxumaqla səsini açırdı. Yarım saat sonra görürdün ki, elə bil xəstə adam o deyildi. O səsindən istədiyi kimi istifadə edirdi. Səsinin dəyərini, qədrini bilirdi. O birinci özü üçün oxuyurdu, özünə xoş gəlirdisə həmin ifanı tamaşaçıları üçün oxuyurdu” deyə xanəndə bildirib.
“Mətbuatda qardaşınızın öz ölümünü yuxusunda görməsi ilə bağlı yazılar dərc olunmuşdu. Bu həqiqət idi?” sualına isə xanəndə belə cavab verib.
“Bəli, bu həqiqət idi. İsrailə konsertə getmişdi. Ölümündən 1 ay əvvəl olardı. İsraildə qalmışdı. İnsanlar deyib ki, Səxavət gəlib, toylarımızı edək. Xəstələnib, xəstəxanaya yerləşdirilib. Yuxunu da orada görüb, deyib ölsəm burada qalacam. Cəsədi aparmaq çətin olar. Ona görə qayıdıb gəlmişdi. Ona agah olmuşdu” deyə xanəndə bildirib.