Son zamanlar insanlar arasında intihar və sui-qəsdlərin hallarının sayı artmaqdadır. Gün keçdikcə cəmiyyətdə aqressiv insanların sayının artmasının şahidi oluruq. Bəs görəsən buna səbəb nədir?
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov Medianews.az danışdı.
O qeyd etdi ki, əvvələr intihar edənlər uzunmüddətli xəstəlikdən əziyyət çəkənlər, tənha olan insanlar idisə,bu gün artıq tələbələr, məktəblilər, heç bir xəstəliyi olmayan lakin hər hansı psixoloji boşluq yaşayan insanlardır:
“Qeyd etdiyiniz məsələ istər intihar halları, istərsə də insanlar arasında aqressiyanın çox olması cəmiyyətdə insanların bir-birinə münasibətində çox rastlaşırıq. İnsanlar arasında aqressiyanın artması informasiya ilə əlaqəlidir. İnformasiyanın özündə daşıdığı emosiya insanların psixologiyasına təsirsiz ötüşmür. İnsanlar özlərinə aid olan və olmayan informasiyalar alırlar və bu informasiyalar insan psixologiyasına təsir edir. Son zamanlar alınan informasiyalar daha çox neqativ xarakterli olduğundan cəmiyyətdə bədbin, neqativ halların yaranmasına səbəb olur. İfrat informasiya ilə yüklənmə nəticəsində biz görürük ki, insanlarda ailə və iş münasibətlərində, özü ilə bağlı məqamlarda xoşagəlməz hallar yaranır. Bu halların qarşısının alınması üçün fərd olaraq özümüzün informasiya təhlükəsizliyimizi qorumalı, bacara bildiyimiz qədər neqativ mühitdən qaçınmalıyıq.
İnformasiya əsrində həyat fərqli şəklidə idarə olunur, günümüzün ailə və iş münasibətlərinə nəzər salanda görürük ki, əvvəlki illərin yanaşması daha yoxdur, həmin yanaşmalar hal-hazırda özünü doğrultmur. Yeni həyat düzənində hadisələr elə sürətlə baş verir ki, insan bəzən hadisələrə obyektiv qiymətləndirmə iqtidarında ola bilmir. Bu da insanı özünəqapanmaya, aqressiya halına və intahara gətirib çatdırır.
Əvvələr intihar edənlər uzunmüddətli xəstəlikdən əziyyət çəkənlər,tənha olan insanlar idisə bu gün artıq tələbələr, məktəblilər, heç bir xəstəliyi olmayan lakin hər hansı psixoloji boşluq yaşayan insanlardır. Bu halların qarşısının alınması üçün cəmiyyətdə daha çox maarifləndirici söhbətlər aparılmasının, psixoloji seminarların təşkil olunmasının tərəfdarıyam. Düşünürəm ki, bunlar olarsa, insanlarda psixoloji dayanıqlıq artacaq və bu kimi hallar azalar.”
Medianews.az
Ayşən Azadova